AZ

45 dəqiqəlik ürək masajı və həyata dönən 6 övlad anası

Şirvan, 13 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Altı övlad anası olan bir qadının həyatının xilas edilməsi biz həkimlər üçün həm peşəkar, həm də insani baxımdan yaddaqalan və qürurverici bir an oldu. Ölümlə həyat arasında mübarizə aparan bir xanımı həkimlərin peşəkarlığı və təcrübəsi xilas etdi. Aparılan 45 dəqiqəlik qapalı ürək masajı və reanimasyon yardımlar nəticəsində xəstə tam sağalaraq həyata döndü.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Anesteziologiya Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Jalə Müslümova həmin anlar barədə danışarkən söyləyib.

Onun sözlərinə görə, "Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Əliyeva Sevinc Sultanəli qızı noyabrın 20-də xəstəxanaya müraciət edib: “Xəstəyə müvafiq cərrahi əməliyyat icra olunub, sağalma vəziyyəti qənaətbəxş olduğuna görə evə buraxılarkən qəfil vəziyyətinin kəskin ağırlaşması müşahidə edilib. Xəstədə kardiak arrest və kəskin ağciyər çatışmazlığı qeydə alınıb. Dərhal reanimasiya briqadası tərəfindən xəstəyə reanimasion yardım göstərilib, respirator, inotrop dəstək və ürəyin qapalı masajı aparılıb. 45 dəqiqə davam edən ürək masajından sonra xəstə reanimasiya tədbirləri nəticəsində həyata qaytarılıb və müalicəsinin davam etdirilməsi üçün Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində xəstəyə respirator və inotrop dəstək göstərilməsinə baxmayaraq, noyabrın 26-sı saat 04:50-də yenidən kəskin ürək dayanması qeydə alınıb. Xəstəyə təkrar olaraq ürəyin qapalı masajı və reanimasyon tədbirlər başlanıb, süni tənəffüs aparatının dəstəyi altında intensiv yardım göstərilib. Aparılan tədbirlər uğurla nəticələnib, xəstə ikinci dəfə həyata qaytarılıb. 5 dekabr tarixində xəstənin vəziyyəti stabilləşib və o, cərrahiyyə şöbəsinə köçürülüb. Dekabrın 8-də isə xəstəmiz tam sağaldıqdan sonra evə buraxılıb”.

Seçilən
82
azertag.az

1Mənbələr