AZ

Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 10-12-də Romada Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş Assambleyasının 34-cü sessiyası keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən hafta.az-a verilən məlumata görə, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edib.

Açılış sessiyasında Səbinə Hacıyeva milli bəyanatla çıxış edərək Azərbaycanın ICCROM-la əməkdaşlığını, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan irs nümunələrini və mədəni irsin qorunması sahəsində görülən işləri diqqətə çatdırıb. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və monitorinq prosesləri, aşkar edilən dağıntılar və təhlükəsizlik riskləri səbəbindən inventarlaşdırılması gecikən abidələr barədə məlumat verib.

Bildirilib ki, UNESCO-nun İlkin Siyahısına “Azıx və Tağlar Mağara Düşərgələri”, “Xudafərin Körpüləri”, “Qəbələ Qədim Şəhəri”, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” kimi nominasiyalar daxil edilib və Azərbaycan mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığa sadiqdir.

Sessiya çərçivəsində Səbinə Hacıyeva dekabrın 11-də keçirilən “Mədəniyyət–İqlim bağı: itkin əlaqə” adlı yan tədbirdə çıxış edib. O, Azərbaycanın iqlim siyasətində mədəniyyətin rolundan, istixana qazı tullantılarının azaldılması və bərpaolunan enerji hədəflərindən, eləcə də COP29 çərçivəsində irəli sürülən “İqlim üçün Mədəniyyət” təşəbbüsündən bəhs edib.

Sessiya zamanı Səbinə Hacıyeva ICCROM-un Baş direktoru Aruna Françeska Mariya Qucral ilə görüşərək birgə layihələrin perspektivlərini müzakirə edib.

Baş Assambleyada ICCROM-un maliyyə vəziyyəti, 2026–2027-ci illər üzrə İş və Büdcə Proqramı, həmçinin təşkilatın strateji fəaliyyət istiqamətləri müzakirə olunub.

Seçilən
25
4
hafta.az

5Mənbələr