ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Son illər Xəzər dənizində suyun azalması müşahidə olunur.
Bu, özü ciddi ekoloji təhlükədir. Həmçinin dənizdə suyun azalması ölkənin iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Suyun geri çəkilməsi nəticəsində dənizkənarı ərazilərdə torpağın duzlaşması, toz və duz fırtınalarının yaranması riskini artırı.
Bu da təkcə ölkəmizi deyil, bütövlükdə Xəzər sahilboyu regionları yaşanmaz vəziyyətə sala bilər. Eyni zamanda, Xəzərin quruması ölkənin iqtisadi infrastrukturuna da ağır zərbə vura bilər.
Xüsusilə Bakıda, Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanı da daxil olmaqla bütün gəmiçilik, yükdaşımaları və liman fəaliyyətləri iflic olmaq təhlükəsi ilə üz-üzədir.
Bəs proses bu cür davam edərsə, ölkəmizin iqtisadiyyatına vuracağı zərərlər nələrdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Xəzərin səviyyəsinin azalması ilə bağlı müxtəlif cavablar, yanaşmalar var:

“Bu gün bəzi mütəxəssislər bu prosesin davam edəcəyini, bəziləri isə müəyyən həddən sonra dayanacağı ilə bağlı proqnozlar və fikirlər səsləndirirlər. Bu sahədə mütəxəssis olmadığım üçün rəy verə bilmərəm. Hazırda Xəzərin səviyyəsinin azalma prosesi davam edir. Ehtimallardan biri onlardan ibarətdir ki, 1970-ci illərdə olduğu səviyyəyə qədər düşə bilər.
Belə olduğu təqdirdə təbii ki, bunun Azərbaycan iqtisadiyyatına müxtəlif formada təsirləri olacaqdır, eyni zamanda ekosistemə də özünün mənfi təsirləri qaçılmazdır. Paytaxt və onun ətrafında, Abşeron yarımadasında, eyni zamanda Xəzər sahili zonalarda iqlim dəyişikliyinə gətirib çıxara bilər. Bu isə öz növbəsində flora və faunanın dəyişməsi ilə nəticələnə bilər. Bu bölgələrdə məhsuldarlığın aşağı düşməsi istiqamətində tendensiya güclənə bilər”.
Onun sözlərinə görə, Xəzərdə suyun azalması, dəniz yolu ilə yüklərin daşınması ilə əlaqədar infrastrukturun istifadəyə yararlılığı məsələsində müəyyən çətinliklər yarada bilər:
“Aparılan müxtəlif hesablamalara görə, bu istiqamətdə infrastrukturun uyğunlaşdırılması üçün böyük vəsaitlərin sərf olunması tələb oluna bilər. Xüsusilə də Bakıda, Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanının geniş infrastruktura və böyük daşıma gücünə malik olduğunu nəzərə alsaq, ekspertlər ümid edirlər ki, hazırkı azalma prosesi limanın fəaliyyətinə mənfi təsir göstərməz. Amma proses davam edərsə, bu təsirlər qaçılmaz olacaq və növbəti mərhələdə böyük investisiya xərclərinə səbəb ola bilər.
Bundan başqa, dənizin çökəkliyində müəyyən dəyişikliklər aparılması ilə bağlı layihələrin də gündəmə gəlməsi ehtimal olunur. Çünki gəmilərin sahilə yan alması üçün tələb olunan dərinliyin azalması texniki problemləri daha da dərinləşdirə bilər. Suyun geri çəkilməsi dərinliyi aşağı saldığı üçün liman əməliyyatlarında əlavə çətinliklər yarana bilər”.
Ekspert qeyd edib ki, Xəzərsahili zonalara yatırılan investisiyaların taleyi də müəyyən risk altına düşə bilər:
“Xəzərsahili zonalarda, xüsusilə çimərlik, istirahət və əyləncə infrastrukturu sahəsinə böyük həcmdə investisiya yatırılıb. Bu investisiyaların taleyi də müəyyən risk altına düşə bilər. Xüsusilə çimərlik zonalarında yerləşən əyləncə, istirahət və yerləşmə xidmətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün mövcud vəziyyətin əlverişliliyi azala bilər.
Bu isə öz növbəsində həmin sahələrdə əlavə xərclər və yeni investisiya qoyuluşları zərurətini yarada bilər. Bütövlükdə götürüldükdə, Xəzər dənizinin səviyyəsinin azalması sərhədyanı ölkələr, o cümlədən Azərbaycan üçün bir çox istiqamətlərdə, hətta kənd təsərrüfatı sahəsində də ciddi çətinliklər yarada bilər”.
İqtisadçı vurğulayıb ki, bu istiqamətdə Xəzəryanı ölkələr arasında birgə və uzunmüddətli strateji planların hazırlanmasına ehtiyac var:
“Xəzəryanı ölkələr Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq məqsədilə mümkün qədər ortaq layihələr həyata keçirməlidirlər. Xüsusilə də mənsəbi Xəzərə tökülən çayların suyundan istifadə ilə bağlı ölkələr arasında razılaşmaların əldə olunması vacib hesab edilir. Bu cür razılaşmalar çərçivəsində Xəzərin səviyyəsinin azalması tendensiyasının qismən də olsa, qarşısını almaq mümkün ola bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Xəzər Rəşad Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.