AZ

Turizm Agentliyi qış turizmi ilə bağlı görülən işləri açıqlayıb

Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir. Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ", Naxçıvan MR-də "Ağbulaq" qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır.

Bu barədə Day.Az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

"Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayının ortalarında başlayır və mart ayının sonlarınadək davam edir. Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır. Dövlət Turizm Agentliyi tərəfindən ilboyu qış turizminin, həmçinin ölkəmizdə mövcud xizək mərkəzlərinin çoxsaylı beynəlxalq sərgi və tədbirlərdə tanıdılması işi davam etdirilir", - qurumdan qeyd edilib.

Agentlikdən bildirilib ki, Azərbaycanda qış mövsümü üzrə turizm imkanlarının təbliği, ölkəyə qış mövsümündə səyahət edən turistlərin sayının artırılması məqsədilə, həmçinin ölkəmizin qış turizmi üzrə cəlbedici destinasiya kimi tanıdılması məqsədilə hədəf ölkələrdən aparıcı turizm şirkətləri və media nümayəndələri üçün tanıtım səfərləri təşkil edilir:

"Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir".

Qurumdan vurğulanıb ki, işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur.

"Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım-dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanıın təmin edilməsinə dəstək vermə potensialına malikdir",- deyə agentlikdən əlavə edilib.

Seçilən
15
4
day.az

5Mənbələr