Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Ukrayna Müsəlmanları Ruhani İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində səfirliyin diplomatları, Kiyevdə yaşayan müsəlman icması, soydaşlarımız iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra çıxış edən səfirliyimizin müşaviri Fərid Babayev Ulu Öndərin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev bütöv İslam aləmi üçün böyük şəxsiyyət olub. Ona görə də Ulu Öndər daima müsəlman xalqları tərəfindən anılır, əziz xatirəsi yad edilir.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rustam Qafuri isə çıxışında qeyd edib ki, hər il Ukraynada Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilir. “Anım tədbirlərində Heydər Əliyevin ruhuna dualar oxuyuruq. Heydər Əliyev böyük siyasi liderdir, Azərbaycan xalqını bəlalardan xilas edib. Heydər Əliyev həm də digər müsəlman xalqlarının da yad etdiyi böyük şəxsiyyətdir”, - deyə Rustam Qafuri əlavə edib.
Sonra anım tədbirində müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.