ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla anılıb.
XQ xəbər verir ki, anım tədbiri Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.
Tədbirdə səfir Leyla Abdullayeva, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransadakı səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev, Fransa-Azərbaycan Universitetinin (UFAZ) icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Vazeh Əsgərov çıxış ediblər.
Natiqlər müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ən çətin anlarda daim xalqın yanında olduğunu vurğulayıblar. Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı ətraflı danışıblar.
Qeyd ediblər ki, Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan ötən əsrin 90-cı illərində təhlükə altında olan müstəqilliyini qoruyub saxlaya bilib. Heydər Əliyevin ölkənin həyatında böyük rol oynamış müdrik qərarlarından, “Əsrin müqaviləsi”nin imzalanmasından, müharibə təhlükəsi ilə üzləşən ölkənin atəşkəsə nail olunmasından söz açıblar.
Bu qərarların ölkəmizin müstəqilliyinin bərpa edilməsində mühüm rolu vurğulanıb.
Ulu Öndərin gənclər siyasətinin nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak etdiyi, mədəniyyət, iqtisadiyyat sahələrində, ordu sıralarında nailiyyətlər qazandığı, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak etdiyi vurğulanıb.
Çıxış edənlər Heydər Əliyevi Azərbaycanın xilaskarı adlandırıblar. Qeyd ediblər ki, erməni təcavüzü ilə üzləşən, çətin anlar yaşayan Azərbaycanı daxili və xarici təhlükələrdən Heydər Əliyev müdrikliyi xilas edib. Vurğulanıb ki, Azərbaycanın bugünkü iqtisadi, siyasi gücü, eləcə də beynəlxalq arenada nüfuzlu yer tutması məhz Ulu Öndərin siyasətinin bəhrəsidir. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin xalqımıza ən böyük irsi Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezident İlham Əliyev Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz Ulu Öndərin arzularını reallaşdıraraq, torpaqlarımızı düşmən tapdağından azad edib və xalqımızın qürurunu ona qaytarıb. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.