Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin sükanı arxasında olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə millinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.
Məlumunuz olsun ki, Sportinfo.az da sorğuda iştirak edib. Saytımız öz səsini Elmar Baxşıyevə verib.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb.
Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.
Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.