AZ

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həştərxanda yad edilib

Bakı, 12 dekabr, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə müasir və qalib Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım tədbirləri keçirilib. Anım tədbirlərində Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, hökumət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporunun nümayəndələri Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla anıblar.

Sonra “Əbədi məşəl” memorialı ziyarət olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti Həştəxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov, Həştərxan vilayətinin təhsil və elm nazirinin müavini İrina Mudraya, Həştərxan şəhərinin meri İqor Redkin və digər rəsmilərlə birlikdə Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib. Tədbirdə çıxış edən rəsmilər Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlərdə hər zaman fəallıq nümayiş etdirdiyini, o cümlədən xalqlarımız arasında bağları daha da möhkəmləndirəcək gənclər yetişdirdiyini bildiriblər.

Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin vitse-qubernatoru, hökumət sədri Denis Afanasyev ilə görüşü də olub. Həştərxan vilayəti ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edən Denis Afanasyev ötən müddət ərzində xalqlarımız arasında sıx bağların yarandığını, çoxsaylı kütləvi-mədəni tədbirlərin keçirildiyini vurğulayıb. O, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. Azərbaycan nümayəndə heyətinin üzvləri öz növbəsində Həştərxan vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin daim uca tutlduğunu vurğulayaraq, buna görə vilayət rəhbərliyinə və həştərxanlılara minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, xalqlarımız arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrə, dərin mədəni və humanitar əlaqələrə söykənir.

Daha sonra Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Milli Məclisin komitə sədri Arzu Nağıyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Həştəxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov iki xalq arasında münasibətlərin dərinləşdirilməsinin, gənclərin əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Seçilən
39
8
azertag.az

10Mənbələr