ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Son zamanlar elektrik enerjisinə qənaətin vacibliyi tez-tez gündəmə gətirilir. Bu isə cəmiyyətdə “işığa yeni limit tətbiq oluna bilərmi?” sualını aktuallaşdırıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, enerji təhlükəsizliyi hər zaman aktual mövzudur və bu çərçivədə qənaət məsələləri ara-sıra müzakirə olunur.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda elektrik enerjisindən istifadəyə görə limit mövcuddur və limit aşılarkən tarif dəyişir. Onun sözlərinə görə, bu yanaşma doğru hesab edilmir:
“Limiti keçdikdən sonra başqa tarif cədvəli üzrə ödəniş həyata keçirilir. Düşünürəm ki, bu, düzgün yanaşma deyil və bu limitlərin ləğvi zəruridir. Məsələ inzibati və hüquqi çərçivədə həll oluna bilər.”

Asif İbrahimov hesab edir ki, problemlərin həlli üçün köhnə limit mexanizmindən çox, daha müasir texnologiyaların tətbiqi vacibdir:
“Məsələn, ağıllı işıq sistemləri və LED işıqlandırma geniş tətbiq edilməlidir. Bəzi hallarda isə problem ümumiyyətlə limitlə bağlı olmur. Məsələn, Bakıxanov qəsəbəsində günorta saat 1-də belə küçə işıqlarının hamısı yanır. Bu artıq fərqli yanaşma tələb edən məsələdir. Burada kompensasiya xarakterli addımlar atılmalıdır.”
Ekspertin fikrincə, enerji qənaəti üçün limit tətbiqini sərtləşdirmək yox, idarəetmə və texnoloji yeniliklərə keçid daha effektiv nəticə verə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.