Ukrayna müharibəsinin gedişində geosiyasi dinamika təkcə cəbhədə deyil, diplomatiya müstəvisində də kəskin şəkildə dəyişməkdədir. ABŞ-da siyasi ritorikanın sərtləşməsi və Donald Trampın son açıqlamaları göstərir ki, 2025-ci ilin qlobal güc balansı Ukrayna mövzusu üzərində yenidən formalaşır. Trampın səsləndirdiyi fikirlər bir tərəfdən daxili siyasi məqsədlərə xidmət etsə də, digər tərəfdən Kremlin mövqeləri ilə paralellik yaratması beynəlxalq ekspertlər arasında ciddi narahatlıq doğurur. Bu yanaşma həm Zelenski administrasiyasının legitimliyi məsələsini gündəmə daşıyır, həm də ABŞ–Avropa ittifaqının Ukrayna siyasətində potensial fikir ayrılıqlarını ortaya çıxarır. Müşahidəçilərə görə, Trampın ritorikası bölgədə yeni siyasi ssenarinin formalaşdığına işarədir və bu ssenari Ukraynanın gələcək siyasi taleyini birbaşa təsirləndirə bilər.
Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın son bəyanatları Kremlin mövqeyi ilə ciddi şəkildə üst-üstə düşür:

“Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukraynada prezident seçkilərinin keçirilməməsi səbəbilə Zelenskini qeyri-legitim lider adlandırıb. Hətta atəşkəs əldə olunacağı təqdirdə belə bunun Zelenski ilə imzalanmayacağını açıq şəkildə bəyan edib. Tramp bu vəziyyəti yaxşı anlayır və prosesin çıxış yolunu yalnız seçkilərin mümkün qədər tez keçirilməsində görür”.
C.Abbaslı bildirib ki, Trampın əsas siyasi hədəflərindən biri Nobel sülh mükafatını əldə etməkdir və Ukrayna müharibəsinin davam etdiyi şəraitdə bunu qeyri-mümkün hesab edir:
“Tramp Ukrayna hakimiyyətini də ittiham edərək iddia edir ki, Kiyev müharibədən seçkiləri gecikdirmək üçün istifadə edir. Bu fikirlər bizə Putinin ritorikasından yaxşı tanışdır. Zelenski faktiki olaraq seçim qarşısında qoyulmur”.
Şərhçi əlavə edib ki, Tramp Avropanı prosesdən kənarda saxlamağa çalışır və Ukrayna məsələsini Rusiya ilə ikitərəfli şəkildə həll etmək niyyətini gizlətmir: “Tramp Avropanı münaqişəni həll edə bilməməkdə günahlandırır və dolayısı ilə “kənara çəkilin, məsələni biz həll edək” mesajı verir. Məqsədi isə seçkilərə qədər Ukrayna savaşını müəyyən mərhələdə dayandırmaqdır. Əgər seçki tarixi elan edilsə, Tramp müvəqqəti atəşkəs üçün əlverişli şərait yaradıldığını iddia edə bilər”.
Cavanşir Abbaslıya görə, Zelenskinin müharibə şəraitində seçki keçirməsi real görünmür: “Bombalanan şəhərlərdə normal seçki prosesi mümkün deyil. Bu, Zelenski üçün həm təhlükəsizlik, həm də legitimlik baxımından ciddi problemdir. Eyni zamanda Rusiyaya da sərf etmir, çünki Kreml ən böyük nüfuza malik olduğu Ukraynanın şərq bölgəsində döyüşlər davam edirsə, istədiyi namizədin qalib gəlməsini təmin etmək daha çətin olur. Seçkilər mütləq atəşkəs dövründə keçiriləcək. Seçki tarixi müəyyən ediləcək, lakin proses yalnız müvəqqəti atəşkəs və ya müharibənin əsasən dayandırıldığı şəraitdə baş tuta bilər”.
//Gülnarə Abasova, Editor.az