AZ

Ayxan Abbasov: “Bir zəif oyuna görə Nəriman Axundzadəni silmək tamamilə yanlış fikirdir”

ain.az, Idman.biz saytına istinadən bildirir.

Nəriman Axundzadəni bir zəif oyuna görə silmək tamamilə yanlış fikirdir.

Bunu Azərbaycan millisinin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, UEFA Çempionlar Liqasının altıncı turunda “Ayaks”la (Niderland) qarşılaşan “Qarabağ”ın tənqidlərə məruz qalan 21 yaşlı hücumçusunun gənc olduğunu xatırladaraq, müəyyən səhvlər etməsinin normal olduğunu bildirib.

“Azarkeşlərin Nəriman Axundzadə ilə bağlı fikirlərini başa düşmək lazımdır. Çünki hər kəs “Qarabağ”dan qələbə gözləyirdi. Lakin gəlin unutmayaq ki, bəzi matçlarda Nəriman Axundzadə meydana daxil olub, görüşün taleyini həll edib. Yaxud Aleksey Kaşuk əvəzetmədən oyuna girib, komandaya xeyir verib. Bu dəfə isə təəssüf ki, alınmadı. Hər şey, hər zaman bizim arzuladığımız kimi ola bilməz. Futbolçu bir oyun zəif çıxış edir deyə, bu qədər neqativə köklənməyə ehtiyac yoxdur. “Qarabağ” uzun illərdir fasiləsiz Avropa turnirlərinin qrup mərhələlərində mübarizə aparır, Azərbaycanı təmsil edir. Qitənin ən nüfuzlu klub turnirinin himnini bizim üçün “Qarabağ” səsləndirir. Gəlin bu amilləri nəzərə alaq. Azarkeşlərin bu məsələləri anlayışla qarşıladığına əminəm”, - deyə o, “Report”a açıqlamasında deyib.

44 yaşlı mütəxəssis azarkeşləri səbrli olmağa çağırıb:

“Nəriman Axundzadə gəncdir, arada zəif çıxş etməsi normaldır. Lakin gəlin etiraf edək ki, o, millimizin əsas futbolçularından biridir. Çünki bizim heyətlə bağlı elə də geniş seçimimiz yoxdur. Düşünürəm ki, Nəriman zəif oyunlarından nəticə çıxarmalıdır. Təbii ki, “Qarabağ”dakı bütün məşqçilər onunla lazımi söhbətləri aparırlar. Dediyim kimi, 1 oyuna görə futbolçunu silmək tamamilə yanlış fikirdir. Azərbaycan futbolunun azarkeşlərini səbrli olmağa çağırıram. İnanıram ki, “Qarabağ” qarşıdakı iki oyundan birində qələbə qazanacaq və pley-offa adlayacaq”.

A.Abbasov sonda “Ayaks” komandasının ustalıq səviyyəsinin yüksək olduğunu vurğulayıb:

“Həmin gün qələbə qazanmaq üçün ən uyğun axşamlardan biri idi. Azərbaycan təmsilçisi bunu bacarmağa çox yaxın olsa da, təəssüf ki, son dəqiqələr bizim üçün uğursuz alındı. Lakin gəlin “Qarabağ”ı da başa düşək. Rəqibin bu mövsüm Çempionlar Liqasında xalı olmasa da, hər kəs onların adlı-sanlı komanda olduğunu bilirdi. “Ayaks”ın ustalıq səviyyəsi, heyətində yer alan futbolçuların bacarıqları və gənclərinin gücü bizdən üstündür. “Qarabağ”ın heyətində meydana sonradan daxil olan futbolçular oyuna qoşula bilmədilər. Futbolda hər şey ola bilər”.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” görüşü Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində 59-cu dəqiqədə Leandro Andradenin əvəzinə Nəriman Axundzadə, Kamilo Duranın yerinə isə 70-ci dəqiqədə Aleksey Kaşuk meydana çıxıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
icma.az

4Mənbələr