Dekabrın 12-də Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində səfirliyin əməkdaşlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
KONKRET.az xəbər verir ki, tədbir Səfirlikdə yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq başlamış, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra səfir Ağalar Atamoğlanov Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat vermişdir.
Ulu Öndərin Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə xalqın çağırışı ilə bütün ölkədə Ulu Öndərin sabitlik və əmin-amanlığı bərpa etdiyini qeyd etmişdir.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca niyyəti Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olduğunu vurğulamışdır. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın memarına çevrilmiş və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazanmışdır. Səfir qeyd etmişdir ki, işğal olunmuş ərazilərimizin azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün torpaqlarımız azaddır.