Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfir Hüseyn Quliyev, səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları ümummilli liderin paytaxtın Heydər Əliyev parkındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ümummilli liderin zəngin həyat və fəaliyyəti haqqında məlumat verib. Səfir ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlayaraq, Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi ağır bəlalardan xilas etməsi haqqında söhbət açıb.
Diplomat 1993-cü ildə ümummilli liderin hakimiyyətə gəlməsini ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni həyatında yeni dönüş nöqtəsi olduğunu bildirib.
Müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizi dünyaya tanıtdığını bildirən H.Quliyev deyib ki, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra qısa müddətdə siyasi və iqtisadi islahatlar aparıldı, uğurlu nəticələr əldə edildi.
Səfir Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd