ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Avstriya parlamenti 14 yaşından kiçik qız uşaqlarının məktəblərdə başörtüsü taxmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
Deputatlar hökumətin təklif etdiyi dəyişiklikləri böyük səs çoxluğu ilə qəbul ediblər.
"Cebheinfo.az" xəbər verir ki, mühafizəkar hökumət, qanun layihəsinin qız uşaqlarını təzyiqdən qorumağı hədəflədiyini bildirir. Hökumət 2019-cu ildə ibtidai məktəblərdə başörtüsünü qadağan edən qərar qəbul etmiş, lakin Konstitusiya Məhkəməsi həmin qərarı ləğv etmişdi.
Rəsmi Vyana bu dəfə hazırlanmış layihənin konstitusiyaya uyğun olduğunu vurğulayır. Qəbul edilən qanun, 14 yaşından kiçik bütün qız şagirdlərin İslami ənənələrə uyğun olaraq başı tam örtən hicabdan istifadə etməsini qadağan edir.
İnteqrasiya naziri Klaudiya Plakolm layihəni belə müdafiə edib:
“Bir qıza kişilərin baxışından qorunmaq üçün bədənini gizlətməsi gərəkdiyi deyilirsə, bu dini ayin deyil, təzyiqdir”.
Plakolm bildirib ki, baş örtüyü qadağası çarşab, niqab da daxil olmaqla “bütün İslami örtünmə formalarını” əhatə edəcək və sentyabrda başlayacaq yeni tədris ilində qüvvəyə minəcək.
Fevral ayından etibarən müəllimlərə, valideynlərə və şagirdlərə yeni qaydalar izah ediləcək, cəriməsiz keçid dövrü tətbiq olunacaq. Bu müddət bitdikdən sonra qaydanın pozulmasına görə valideynlərə 150–800 avro arasında cərimə kəsilə bilər. Hökumətin hesablamasına görə, qanun təxminən 12 min qız uşağını əhatə edəcək.
Bu rəqəm, 2019-cu ildə aparılmış və 14 yaşdan aşağı təxminən 3 min qızın başörtüsü taxdığını göstərən araşdırmanın bu günə uyğunlaşdırılmış məlumatlarına əsaslanır. Digər tərəfdən, ötənilki parlament seçkilərində birinci olsa da hökumət qura bilməyən ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) layihənin kifayət etmədiyini bildirərək qadağanın bütün şagirdlərə, müəllimlərə və məktəb personalına şamil edilməsini tələb edir. Qanunu müdafiə edənlər isə Fransanın tətbiqlərini nümunə göstərirlər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.