Bakı, 12 dekabr, AZƏRTAC
OPEC hasilat ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə dair hesabat hazırlayıb. Hesabata əsasən, 2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə 456 min barrel təşkil edib.
AZƏRTAC OPEC-in hesabatına istinadən xəbər verir ki, bu göstərici oktyabr (günə 458 min barrel) və sentyabr (günə 458 min barrel) ayları ilə müqayisədə azalıb. Bununla yanaşı, hesabatda göstərilir ki, 2025-ci ilin birinci rübündə ölkədə neft hasilatı orta hesabla günə 466 min barrel, ikinci rübdə 461 min barrel, üçüncü rübdə isə 458 min barrel olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6 faiz azdır. Hesabat dövründə 22,988 milyon ton xam neft hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 4,6 faiz azdır.