AZ

Ulu Öndər Heydər Əliyev: Azərbaycan dövlətçilik məktəbinin müəllifi və milli qürurumuzun simvolu



Azərbaycan müasir tarixinin ən şanlı və taleyüklü səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqımız bu tarixi mərhələni tam haqlı olaraq “Heydər Əliyev dövrü” adlandırır. Çünki ölkəmizin dövlətçilik ideyası, milli dirçəliş ruhu və müstəqil Azərbaycan modelinin əsasını məhz bu dahi şəxsiyyətin müdrikliyi, uzaqgörənliyi və qətiyyətli iradəsi təşkil edib.

XX əsrin siyasi səhnəsində Heydər Əliyev təkcə Azərbaycanı deyil, bütün türk dünyasını dalğalandıran böyük dövlət xadimi kimi tanındı. Onun sovet dövründə respublikanın inkişafına verdiyi misilsiz töhfələr həm iqtisadi, həm siyasi, həm də mənəvi yüksəliş üçün möhkəm zəmin yaratdı. Geridə qalmış, böhran içində çabalayan bir respublikanı qısa müddətdə SSRİ-nin qabaqcıl sənaye mərkəzlərindən birinə çevirmək yalnız Heydər Əliyev kimi bir liderin bacarığı idi. Məhz onun gərgin fəaliyyəti nəticəsində Bakı Dərin Özüllər Zavodu, Kondisionerlər Zavodu, Cənubi Qafqazın ən iri Poladtökmə müəssisəsi, müxtəlif enerji stansiyaları və yüzlərlə sənaye obyekti fəaliyyətə başladı. 1969–1982-ci illər ölkəmizin iqtisadi tarixində “sənaye inqilabı” kimi yadda qaldı və Azərbaycanın gələcək inkişafının təməlini qoydu.
Ulu Öndərin birinci hakimiyyət dövrü yalnız iqtisadi yüksəlişlə məhdudlaşmadı. O, Azərbaycan milli kimliyinin, xalq yaddaşının və milli ideologiyanın sovet imperiyasının təzyiqləri altında qorunması missiyasını böyük cəsarət və uzaqgörənliklə həyata keçirdi. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli özünüdərk prosesinin güclənməsi və gələcək müstəqilliyə aparan yolun ideoloji dayaqlarının yaradılması həmin dövrün ən mühüm tarixi nailiyyətlərindən biri oldu. Müstəqilliyin mənəvi-siyasi bünövrəsi məhz o illərdə qoyuldu.

Sovet İttifaqının çökməyə başladığı mürəkkəb dönəmdə Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan tarixində yeni bir dönüş nöqtəsi yaratdı. 1990-cı illərin əvvəlləri ölkənin ən riskli və ən ağrılı dövrü idi: Ermənistanın təcavüzü, daxili siyasi parçalanma, dövlət institutlarının iflic vəziyyəti Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Belə həssas vaxtda Heydər Əliyevin Bakıya girişinə qadağa qoyulması tarixi yanlışlıq idi, amma o, xalqı qarşısında sədaqət missiyasından geri çəkilmədi — doğma Naxçıvana üz tutdu. Naxçıvanda həyata keçirdiyi islahatlar bütövlükdə Azərbaycanın gələcək müstəqil dövlət modelinin ilkin konturlarını müəyyənləşdirdi. Respublikanın adından “sovet sosialist” ifadəsinin çıxarılması, üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi, SSRİ hərbi hissələrinin Naxçıvandan çıxarılması və “Ümid” körpüsünün açılması həmin ağır zamanlarda həm siyasi iradənin təzahürü, həm də milli dövlətçiliyə doğru atılmış cəsarətli addımlar idi.

Tarixi proseslərin qanunauyğun nəticəsi olaraq 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası təkcə yeni siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji dayağının möhkəmləndirilməsi idi. Qısa müddətdə YAP xalqı dağınıqlıqdan, qarşıdurmadan və siyasi böhrandan çıxaran aparıcı qüvvəyə çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyini dəyişdi. O, ölkəni dağılmaq təhlükəsindən, vətəndaş müharibəsi təhlükəsindən və tam siyasi xaosdan xilas etdi. Atəşkəsin əldə olunması, Milli Ordunun formalaşdırılması, dövlət idarəçiliyinin institusional əsaslarının qurulması, iqtisadi sabitliyə doğru dönüş məhz həmin illərin bəhrəsi idi.

1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının başlanğıc nöqtəsi və ölkəmizin enerji siyasətinin qlobal səviyyədə tanınmasının açarı oldu. Bu müqavilə təkcə ölkə iqtisadiyyatının güclənməsinə deyil, həm də Azərbaycanın siyasi müstəqilliyinin möhkəmlənməsinə xidmət etdi. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasının kökləri məhz o mərhələdən qaynaqlanır. 1995-ci ildə qəbul edilmiş Konstitusiya, ölüm cəzasının ləğvi, senzuranın aradan qaldırılması, bələdiyyə institutunun yaradılması kimi tarixi qərarlar isə müstəqil dövlət quruculuğunun hüquqi-siyasi əsaslarını tamamladı.

Ulu Öndər hələ sağlığında Azərbaycanın gələcək sabit inkişafını təmin etmək üçün böyük uzaqgörənliklə siyasi varisini — Prezident İlham Əliyevi xalqa təqdim etdi. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev Heydər Əliyev siyasətini müasir dünya reallıqlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirdi. Güclü iqtisadiyyat, peşəkar ordu və balanslı diplomatiya 2020-ci ildə tarixi Zəfərin qazanılmasını mümkün etdi. Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası həm də Heydər Əliyev ideyalarının təntənəsi, onun müəyyən etdiyi yolun uğurlu nəticəsidir.
Heydər Əliyevin ölkəmizin tarixində tutduğu yer yalnız dövlət başçısı olmaqla məhdudlaşmır. O, bir ideologiya, bir məktəb, bir milli dövlətçilik fəlsəfəsidir. Onun irsi bu gün də Azərbaycan dövlətçiliyinin mənəvi dayağı, xalqın birliyinin simvolu kimi yaşayır. Müstəqil Azərbaycanın nailiyyətləri, beynəlxalq nüfuzu, iqtisadi gücü və siyasi sabitliyi Ulu Öndərin müdrik siyasətinin davamıdır. Hər il dekabrın 12-də Fəxri xiyabana axışan yüz minlərlə insan Heydər Əliyevə olan sonsuz sevgisinin, ehtiramının və minnətdarlığının təcəssümüdür.

Xalqımızın qəlbində əbədiyaşarlıq qazanan Heydər Əliyev Azərbaycan tarixinin memarı, dövlətimizin banisi və milli qürurumuzun simvolu kimi daim ehtiramla anılacaq.

Tamam Cəfərova,
Milli Məclisin deputatı




Seçilən
8
1
aia.az

2Mənbələr