AZ

Valideyn komitələri fəaliyyətsizdir - Yeni modelə EHTİYAC VAR

Məktəb və valideyn münasibətləri bir uşağın təhsil həyatında ən əsas dayaqlardan biridir. Lakin çox zaman bu əməkdaşlıq yalnız hər hansı bir problem ortaya çıxanda yada düşür. Valideyn məktəbə gələndə diqqətini yalnız öz övladına yönəldir və “mənim uşağım” ifadəsini işlətməklə məsuliyyəti fərdiləşdirir. Halbuki sağlam təhsil mühiti yaratmağın yolu “bizim uşaqlarımız” düşüncəsini formalaşdırmaqdan keçir. Hər bir sinifdə oturan uşaq cəmiyyətimizin gələcəyidir.

Valideynlərin məktəbdə mütəmadi iştirakını təmin etmək üçün hansı mexanizmlər yaradıla bilər? Valideynlərin yalnız problem yarandıqda məktəbə müraciət etməsi nə kimi çətinliklər yaradır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil jurnalisti Məzahir Məmmədli qeyd edib ki, təhsil müəssisələrində valideyn komitələrinin fəaliyyəti uzun müddətdir ki, sistemsiz və qeyri-rəsmi şəkildə həyata keçirilir:

"Halbuki illərdir bu komitələr yalnız 8 Mart, Müəllimlər Günü kimi hallarda gündəmə gəlib və tez-tez neqativ assosiasiyalarla anılıb. Artıq təcrübə göstərir ki, valideyn komitələrinin fəaliyyətini sistemə salmağa və onların statusunu müəyyənləşdirməyə ciddi ehtiyac var. Bu kontekstdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin valideynlərlə təşkil etdiyi görüşlər və orada səsləndirilən fikirlər, məsələn, Günel Səfərovanın çıxışında qeyd olunan təşəbbüslər, bu istiqamətdə ilk addımlar kimi dəyərləndirilə bilər.

Valideyn komitələrinin məsuliyyət daşıyan və hesabatlı qurumlara çevrilməsi üçün ya onların rəsmi bir struktur halına gətirilməsi, ya da bu add altında yeni bir formatın yaradılması vacib görünür.

Xarici təcrübəyə, xüsusilə də Türkiyənin modelinə nəzər saldıqda, valideyn komitələrinin statuslu, şəffaf və məktəblə əməkdaşlıq içində fəaliyyət göstərdiyi müşahidə olunur. Orada bu struktur cəmiyyət tərəfindən qəbul olunur, məktəblərə edilən yardımlar valideyn komitələri vasitəsilə yönəldilir və tam hesabatlılıq mövcuddur.

Bu baxımdan, Azərbaycanda da valideyn komitələrinin fəaliyyətinin rəsmiləşdirilməsi, hüquqi çərçivəyə salınması və vəzifələrinin nizamnamə ilə tənzimlənməsi həm məktəb rəhbərliyi, həm də valideynlər üçün faydalı və zəruri addım ola bilər".

Seçilən
18
azedu.az

1Mənbələr