AZ

ABŞ Venesuela sahillərində daha bir neçə neft tankerinə nəzarəti ələ keçirməyə hazırlaşır

Vaşinqton Maduro hökumətinə təzyiqi artırır, “kölgə donanması”na qarşı yeni taktika tətbiq olunur...

Poliqon xəbər verir ki, ABŞ hərbçiləri Venesueladan çıxan bir neçə neft tankerini ələ keçirmək üçün hazırlıq görür. Reuters Agentliyinin məlumatına görə, Vaşinqtonun məqsədi prezident Nikolas Maduronun hökumətinə təzyiqi gücləndirmək və Venesuela neftinin ixracını kəskin şəkildə azaltmaqdır. Agentlik qeyd edir ki, hədəf seçilən tanker­lər artıq müəyyənləşdirilib və dekabrın 11-də ABŞ Maliyyə Nazirliyi altı neft nəqli ilə məşğul olan şirkətə qarşı sanksiya tətbiq edib.

Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ-nin bu addımlara hazırlaşdığı barədə dolayısı ilə təsdiq verərək bildirib ki, Vaşinqton “sanksiya altında olan gəmilərin qara bazarda satılan nefti daşımasını və əldə olunan gəlirlərin kriminal, qeyri-legitim rejimlərin narkoterro­rizmini maliyyələşdirməsini” seyr etməyəcək.

Reuters yazır ki, ABŞ-nin yeni taktikası həm də Venesuela və İran neftini Çinə daşıyan, qlobal ticarətdə “kölgə donanması” kimi tanınan tanker şəbəkəsinin fəaliyyətinə qarşı yönəlib. Çin hazırda Venesuela xam neftinin ən böyük alıcısıdır.

Dekabrın 10-da ABŞ Sahil Mühafizəsi və Federal Təhqiqatlar Bürosu Venesuela sahilləri yaxınlığında bir tankeri saxlayıb. ABŞ baş prokuroru Pəm Bandi bildirib ki, gəmi Venesuela və İrandan olan sanksiya altındakı nefti daşıyırdı. Venesuela vitse-prezidenti Del­si Rodriqes Vaşinqtonun addımını “Venesuela neftini heç nə ödəmədən oğurlamaq cəhdi” kimi qiymətləndirib.

Məlumata görə, saxlanılan tanker ABŞ limanlarından birinə göndəriləcək və hökumət onun yükünü rəsmi hüquqi prosedur çərçivəsində müsadirə etməyi planlaşdırır.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr