
Bərdə heyvan bazarı yaxın günlərdə yenidən fəaliyyətə başlayacaq.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, heyvan bazarlarında aparılan qiymətləndirmələrin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub.
Hazırda bazarda son tamamlama işləri aparılır və yaxın günlərdə fəaliyyətə icazə veriləcək.
Qeyd edilib ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa olunub, çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb, həmçinin heyvanların su və yemlə təminatı yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait də yaradılıb.
AQTA-nın məlumatına görə, hazırda bir neçə heyvan bazarında da Kollegiyanın 50 nömrəli Qərarı ilə təsdiqlənmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə həmin bazarların da fəaliyyətə başlaması məsələsinə baxılacaq.