AZ

Azərbaycanın qazandığı nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin uğurlu davamının nəticəsidir

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı tədbir təşkil olunub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə universitetin Elmi Kitabxanasında “Heydər Əliyev - ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət” adlı kitab sərgisinə baxış keçirilib. İki bölmədən ibarət olan sərginin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, jurnallar, konfrans materialları, miniatür nəşrlər, ikinci hissəsində isə müxtəlif qəzet materialları nümayiş etdirilib.

Sərgidə “Heydər Əliyev dövlətçilik təliminin işıqları” və digər mötəbər jurnallar, həmçinin “Heydər Əliyev siyasi tarixdə və günümüzdə”, “Zamanı qabaqlayan dahi”, “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi”, “Zamanın və milli yaddaşın təntənəsi”, “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi”, “Əbədiyyət günəşi” adlı kitablar yer alıb. Bununla yanaşı, “Heydər Əliyev - 100” münasibətilə Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının xüsusi buraxılışı, “Xalq”, “Şərq qapısı”, “İki sahil”, “Azərbaycan” qəzetlərinin materialları və NDU-nun “Yeni fikir” qəzeti sərgidə təqdim olunub. Universitet əməkdaşlarının müəllifi olduğu kitablar və məqalələr də sərgi ekspozisiyasına daxil edilib.

Tədbir İncəsənət fakültəsində davam etdirilib. Burada müəllim və tələbələrin Ümummilli Liderin xatirəsinə həsr olunmuş 50-dən artıq rəngkarlıq, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Rektor vurğulayıb ki, Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi dövrlərdə dövlətçilik tariximizdə silinməz izlər qoyub. Onun həyata keçirdiyi strateji siyasət bu gün də ölkəmizin inkişaf istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin uğurlu davamının nəticəsidir.

Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov çıxışında Heydər Əliyevin ölkəmizi müxtəlif tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini qeyd edib. O bildirib ki, dahi liderin müdrikliyi, milli maraqlara sadiqliyi və siyasi iradəsi xalqımız tərəfindən daim ehtiramla xatırlanır.

Tarix-filologiya fakültəsinin Tarix ixtisası üzrə IV kurs tələbəsi Əziz Vəliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyev irsinin gənclər tərəfindən böyük fəxarət hissi ilə yaşadıldığını vurğulayıb. O, bu istiqamətdə Naxçıvan Dövlət Universitetində aparılan fəaliyyətlərin gənclərin formalaşması və gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Seçilən
175
1
azertag.az

2Mənbələr