AZ

Deputat: Azərbaycan-Slovakiya münasibətləri strateji mövqeyi möhkəmləndirir, ölkələrimiz üçün geniş imkanlar açır

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan-Slovakiya münasibətləri son illərdə sürətli inkişaf edərək yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Bratislavaya rəsmi səfəri iki ölkə arasında həm siyasi dialoqun dərinləşdirilməsi, həm də iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından olduqca önəmlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Onun sözlərinə görə, Slovakiya və Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri yüksək səviyyəyə çatdırıb. Dövlət başçılarının mətbuata birgə bəyanatları, təkbətək və geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər, səsləndirilən fikirlər strateji tərəfdaş olan Azərbaycan və Slovakiya əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edəcəyini təsdiqləyir. Hazırda birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişlənir, müxtəlif sahələr üzrə müştərək komandalar ardıcıl şəkildə layihələr üzərində çalışır. Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən etibarlı tərəfdaşı kimi qəbul edir və əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı marağa, qarşılıqlı etimada əsaslanır. Bu baxımdan Slovakiya Prezidentinin “gələcəkdə daha sıx əməkdaşlıq edəcəyik” mesajı da yalnız siyasi jest deyil, həm də real iqtisadi və təhlükəsizlik perspektivlərinin konkret ifadəsidir.

“Prezident İlham Əliyevin səfəri zamanı aparılan müzakirələr enerji təhlükəsizliyi gündəmini xüsusi ön plana çıxardı. Bu sahədə əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. Slovakiyanın Avropa İttifaqının mühüm üzvü, Azərbaycanın isə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi kimi mövqeyi bu dialoqun əhəmiyyətini daha da artırır. İlk dəfə olaraq 2024-cü ildə Azərbaycan qazı Slovakiyaya nəql olunub və ölkəmiz bu dost dövləti istənilən həcmdə enerji resursları ilə təmin etmək imkanına malikdir. Bu gün Azərbaycanın qaz ixracatının ümumi həcmi 25 milyard kubmetrə çatıb və bunun yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir. Bu isə regionda dövlətimizin lider mövqeyini təsdiqləyir

Bundan başqa, ölkəmizin nəqliyyat sektoruna yatırdığı investisiyalar Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının əsas həlqəsinə çevrilməsinə imkan verib. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat qovşağı kimi mühüm rol oynayır. Gələcək illərdə nəqliyyat infrastrukturuna əlavə sərmayə qoyulması planlaşdırılır ki, bu da Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Həmin sahə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və böyük potensiala malikdir”, - deyə deputat vurğulayıb.

A.Məmmədov səfər zamanı informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması məsələlərinin də müzakirə olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, hazırda ölkəmizin istifadə olunmayan enerji gücü 2 giqavata bərabərdir və növbəti beş ildə sözügedən rəqəmin 8 giqavata çatdırılması planlaşdırılır. Mövcud potensial beynəlxalq data mərkəzləri üçün yüksək enerji təminatı imkanı yaradır. Həmçinin ölkədə iqlim müxtəlifliyi mövcuddur, soyuq bölgələrin olması data mərkəzlərinin səmərəli fəaliyyətinə töhfə verir. Azərbaycan sözügedən sahədə regional hab kimi çıxış etməyə hazırdır və Slovakiya şirkətləri ilə əməkdaşlığa xüsusi maraq göstərilir.

“Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Bu gün ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir, gələcək üçün geniş imkanlar açır. Günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqeyin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması münasibətləri siyasi jestlərdən konkret nəticələrə və uzunmüddətli tərəfdaşlığa yönəldəcək”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Seçilən
28
2
azertag.az

3Mənbələr