AZ

Slovakiya üçün Azərbaycan uzunmüddətli təchizat imkanlarına malik ölkə olaraq strateji əhəmiyyət daşıyır - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Bratislavaya səfəri Slovakiyanın Cənubi Qafqaz siyasətində Azərbaycanı əsas tərəfdaş kimi önə çıxarmağa başladığını göstərir. Avropanın mərkəzində yerləşən və enerji təhlükəsizliyindən birbaşa təsirlənən Slovakiya üçün Azərbaycan etibarlı mənbə və uzunmüddətli təchizat imkanlarına malik ölkə olaraq strateji əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, səfər zamanı verilən mesajlar Azərbaycanın artıq təkcə Cənubi Avropanın deyil, Mərkəzi Avropanın enerji arxitekturasında da aparıcı oyunçuya çevrildiyini təsdiqləyir. Bu kontekstdə Slovakiyanın Qarabağda bərpa layihələrinə marağı, Orta Dəhlizdə iştirak niyyəti və nəqliyyat əlaqələrinin genişləndirilməsinə diqqəti Bakının Avropa ilə çoxşaxəli tərəfdaşlığa keçidini nümayiş etdirir. “Digər tərəfdən görüşlərin tonunda müdafiə sənayesi, texnologiya ötürülməsi və birgə istehsal mövzularının açıq şəkildə müzakirə olunması iki ölkə arasında əməkdaşlığın klassik diplomatiya çərçivələrini aşdığını göstərir. Slovakiyanın artilleriya və hərbi sursat istehsalı sahəsində Avropanın güclü aktorlarından biri olması Azərbaycana yeni sənaye imkanları açır və bu, ölkəmizin müdafiə sənayesinin modernləşməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bratislava Azərbaycanın nəqliyyat, logistika və enerji layihələrində artan rolunu Avropanın geosiyasi sabitliyi baxımından vacib hesab edir ki, bu da münasibətlərin uzunmüddətli, strateji xətt üzrə inkişaf edəcəyinə işarədir”,- deyə politoloq əlavə edib.

Seçilən
46
azertag.az

1Mənbələr