AZ

Kamran Bayramov: Ümummilli Liderin irsi əbədiyaşardır

Azərbaycanın müasir tarixinin möhtəşəm salnaməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Onun yorulmaz fəaliyyəti, müdrik idarəçiliyi və ölkəyə göstərdiyi sədaqət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqın rifahının yüksəlməsi üçün fundamental zəmin yaratmışdır. Hər iki hakimiyyət dövründə Heydər Əliyev xalqına xidmət, vətəninə sədaqət və milli maraqların qorunmasını əsas prinsip kimi rəhbər tutmuş, Azərbaycanın inkişaf yolunu müəyyən etmişdir. Onun həyat və fəaliyyət yolu bugünkü və gələcək nəsillər üçün örnək, dövlət idarəçiliyi və vətənpərvərlik nümunəsi olaraq daim xatırlanacaq. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizə, milli düşüncə və ideologiyamıza əsaslanan siyasi kursu bu gün Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz layiqli yerini tutmasına gətirib çıxarmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir. Ulu Öndər qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla, Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa  çalışıram və çalışacağam."Ümummilli Lider bu fikirlərinin davamı olaraq bildirmişdir ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır.”

K.Bayramov vurğulayıb ki, siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun konkret dövlət modelində reallaşdırılması məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. O zaman atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Azərbaycanda qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, ölkəmizə inam artdı. Ulu Öndər Heydər Əliyev demişdi: «Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.»

Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi. Məhz, qazanılan bu inam, etimad son 20 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm layihələrin icrasını, eyni zamanda, «Yeni əsrin müqaviləsi»nin imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın əsası olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabr ayının 31-də isə TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizinin uğurlu icrası başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır.

K.Bayramov diqqətə çatdırıb ki, Ulu Öndərin həyat və fəaliyyəti yalnız ölkənin müstəqilliyinin qorunması və inkişafı ilə deyil, həm də gələcək nəsillərə etibar ediləcək davamlı rəhbərlik prinsiplərinin müəyyənləşdirilməsi ilə səciyyələnirdi. Dahi şəxsiyyət özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın 30 il ərzində mənfur qonşumuz Ermənistanın işğalında olan ərazilərimizin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur. 44 günlük Vətən müharibəsi ulu öndər Heydər Əliyevin «Hər şey bizim gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır» tezisinin davamı olaraq Prezident İlham Əliyevin «Gənclər milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını qorumalıdırlar» fikirlərinin real həyatda təsdiqlədi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və uzaqgörən sərkərdəliyi sayəsində Azərbaycan xalqı 200 illik tarixini bərqərar etdi. Bu günkü Azərbaycan, məhz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Onun qoyduğu möhkəm əsaslar və həyata keçirdiyi nailiyyətlər isə gələcək nəsillər üçün örnək olaraq qalacaq və Azərbaycan dövlətinin inkişaf yolunu daim istiqamətləndirəcək.

Seçilən
22
ikisahil.az

1Mənbələr