Mingəçevir, 11 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev irsinin strateji əhəmiyyəti: davamlı inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir şəhər icra hakimiyyətinin, YAP Mingəçevir şəhər təşkilatının, Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetdə yerləşən büstünün önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Konfrans Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərini xüsusi vurğulayıb. O, Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi xəttin bu gün də uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi yüksəlişində həmin xəttin həlledici rol oynadığını qeyd edib.
İlham İsmayılov Mingəçevir şəhərində həyata keçirilən dövlət proqramları, urbanizasiya və sosial infrastruktur layihələrinin məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının real nəticələri olduğunu diqqətə çatdırıb.
MDU-nun rektoru Anar Eminov Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin Azərbaycanda elm və innovasiyaya əsaslanan müasir ali təhsil modelinin formalaşmasında həlledici rol oynadığını bildirib. Rektor Ümummilli Liderin müəllimlərin statusunun yüksəldilməsi, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətində irəli sürdüyü strateji qərarların bu gün də ölkənin təhsil sistemində prioritet kimi qorunduğunu vurğulayıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyinin dayaqlarını formalaşdıran əsas ideoloji xətt olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının məhz Ulu Öndərin yaratdığı siyasi irs əsasında ölkədə sabitlik, inkişaf və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov dahi lider Heydər Əliyevin həyata keçirdiyi balanslı sosial-iqtisadi siyasətin regionların idarə olunmasında yeni mərhələ yaratdığını bildirib. O, ölkədə yerli özünüidarəetmənin inkişafı, şəhər və qəsəbələrin müasir infrastrukturla təmin edilməsi, sosial rifah layihələrinin genişləndirilməsi istiqamətində Ümummilli Liderin qoyduğu konseptual əsasların bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb.
Konfrans məruzələrlə davam edib. MDU-nun əməkdaşlarından baş müəllim Vüsalə Mövlayeva “Heydər Əliyev fenomeni: Zəka, iradə, liderlik nümunəsi”, baş müəllim Səadət Ağakişiyeva “Unudulmayan ömür: Azərbaycan xalqının qəlbində yaşayan Heydər Əliyev obrazı”, baş müəllim Pərvin Hüseynova “Heydər Əliyev: təhsilin strateji inkişafının memarı” və müəllim Fəxriyyə İsayeva isə “İdeyadan zəfərə: milli irsi yaşadan dahi” mövzularında məruzələrlə çıxış ediblər.