AZ

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Tramp-Zelenski qarşıdurması dərinləşir, “Ukraynada seçkilər keçirilməlidir” tələbi yeni böhranın işarəsidir

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh planına cavab vermək üçün bir neçə gün vaxt verilib. Bu barədə "Faynənşl Tayms" qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin 6 dekabrda Zelenski ilə telefon danışığı zamanı ona tez qərar verməsi üçün təzyiq göstərilib. Volodimir Zelenski isə deyib ki, Ukrayna müharibəyə son qoymaq yollarını tapmaq üçün ABŞ ilə dialoqu dəstəkləyir, lakin Rusiya ilə hələlik danışıqlar aparılmır: "Bizim Rusiya ilə danışıqlarımız yoxdur. Onlar heç bir maraq göstərməyiblər. Amma bizim Amerika tərəfi ilə dialoqumuz var və onlara konstruktiv işlərinə görə minnətdarıq". Zelenski qeyd edib ki, Rusiya da hazır olarsa, Ukrayna enerji atəşkəsi tətbiq etməyə hazırdır: "Gördüklərimiz budur ki, onların hücumları enerji sektorumuza yönəlib. İnsanlar işıqsız qalıb. Kritik əhəmiyyət daşıyan infrastrukturumuza hücumlar edirlər. Bu, Rusiyanın sülh prosesində maraqlı olması demək deyil. Ruslar enerji atəşkəsinə hazırdırsa, biz həmişə hazır olduğumuzu vurğulamışıq. Bu, xalq üçün çox vacibdir".

Ukrayna prezidenti deyib ki, sülh planı 28 bənddən 20 bəndə endirilib: "ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, ancaq ərazi məsələsində heç bir güzəşt yoxdur". O, sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-yə göndəriləcəyini bildirib: "Ukrayna, ABŞ və Rusiyanın Donetsk və Luqansk vilayətlərinin əraziləri ilə bağlı ortaq mövqeyi yoxdur. Hazırda danışıqlar faktiki olaraq çıxılmaz vəziyyətdədir". O qeyd edib ki, sülh planında çətin və ətraflı iş tələb edən məqamlar var: "Donetsk və Luqansk vilayətlərinin ərazi məsələsində Amerika, Ukrayna və Rusiyanın mövqeləri fərqlidir".

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Ukrayna ətrafında Vaşinqton-Moskva və Kiyev-Brüssel cəbhəsinin diplomatik mübarizəsi yeni mərhələdə davam edir. Ekspertin sözlərinə görə, ABŞ-nin 28 bəndlik sülh planının 20 bəndə endirilməsi Vaşinqtonun Kiyevin müqaviməti qarşısında geri çəkilməsindən daha çox, diplomatik taktikası kimi görünür:

"Planın ilkin variantına daxil edilən bir sıra bəndlər, misal üçün, rus dili və pravoslav kilsəsinə rəsmi statusun verilməsi və s. Ukraynanın razı salınması üçün “güzəşt” kimi nəzərdə tutulurdu. Vaşinqton bununla Kiyevə “istəyinizə uyğun olaraq, plana korrektlər etdik, son variantı imzalayın” deyir. Prinsipial məsələlər, xüsusilə Ukraynadan ərazilərlə bağlı güzəşt tələbi və qeyri-müəyyən təhlükəsizlik zəmanəti dəyişməz olaraq qalır. Kiyev bunu qəbul etmir, Trampın “Zelenski sülh planını oxumayıb” tənqidi, əslində, Ukrayna prezidentinin Avropa ölkələri ilə konsultasiya apara bilmək üçün “zaman qazanmaq” gedişi idi, buna nail oldu da. Zelenski bildirib ki, “avropalı tərəfdaşları ilə sülh sazişinin komponentləri üzrə irəliləyiş əldə ediblər və Amerika tərəfinə təqdim etməyə hazırdırlar”. Kiyev-Brüssel cəbhəsinin prinsipial məsələlərdə düzəlişlərini təxmin etmək mümkündür. Bunlar Ukraynaya ABŞ-nin də iştirak etdiyi güclü təhlükəsizlik zəmanətinin verilməsi, NATO-ya üzvlüklə bağlı suveren hüquqlarının saxlanılması və Ukrayna ordusunun Donbasda nəzarət etdiyi ərazilərdən çıxmamasıdır".

A.Nərimanlıya görə, Trampın “Ukraynada seçkilər keçirilməlidir”, “Zelenskinin reytinqi 4 faizdir” iddialarını yenidən gündəmə gətirməsi Vaşinqtonun Kiyev-Brüssel cəbhəsinin düzəlişlərini qəbul edəcəyi ehtimalını zəiflədir:

"Hərçənd, Tramp daha öncə “sülh planı” ilə razılaşmayan Zelenskini “qeyri-legitimlikdə” ittiham etsə də, sonradan mövqeyini yumşaltmış və Putini hədəfə çıxarmışdı. Hadisələrin inkişafı ABŞ prezidentinin mövqe dəyişikliyinin məqsədyönlü olduğunu göstərdi. Avropa ölkələrinin ABŞ-dən silah alaraq, Ukraynaya yardım etməsini təmin etməklə müdafiə sənayesinin gəlirlərini artırdı. Rusiyaya qarşı enerji sanksiyaları ilə neft bazarında ABŞ-nin mövqelərini yaxşılaşdırdı və Mərkəzi Asiyada Çinə qarşı güclənmək imkanı əldə etdi. Trampın bu dəfə mövqeyini dəyişəcəyi çətin görünür. Rusiya ərazi məsələsində israrlıdır. Putin də son açıqlamasında iddia edib ki, “Donbas Rusiya ərazisidir”, bunun fonunda Vaşinqtonla Moskvanın arxa planda razılaşdığı məlumdur".

Ekspert diqqətə çatdırıb ki, ABŞ-nin Ukrayna da daxil olmaqla geosiyasi planlarında Avropanın mövqeyi nəzərə alınmır:

"ABŞ-nin yeni qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında Ukrayna müharibəsinin qısa müddətdə həll edilməsi və Rusiya ilə əməkdaşlıq yer alır. Bu kontekstdə hadisələrin inkişaf ssenarisi maraqlıdır. Birinci ssenari odur ki, ABŞ Ukraynanı dəstəkləyən Avropaya geri çəkilməsi üçün təzyiqi artıra bilər. İstisna deyil ki, Rusiyanın da təzyiq planının tərkib hissəsi kimi, Avropaya qarşı “dron hücumları” taktikası daha genişmiqyaslı olacaq. Digər yandan Ukraynada son korrupsiya faktı kimi Zelenskinin mövqelərini zədələyəcək əməliyyatlar həyata keçirilə, paralel olaraq, yeni seçkilərin keçirilməsi zəruriliyi fikri inkişaf etdirilə bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
50
sherg.az

10Mənbələr