"Kapital Bank" ASC "Dayan, düşün, dəqiqləşdir" kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir.
Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra "Kapital Bank"ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və "Kapital Bank"ın həyata keçirdiyi qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.
Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.