Dekabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Şiləvar kənd inzibati ərazi dairəsinə daxil olan Şiləvar və Digah kəndlərinin sakinləri ilə cari ildə növbəti səyyar görüş-qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov cari ilin əvvəlində keçirilən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. İcra başçısı qaldırılan hər bir müraciətə həssaslıqla yanaşıldığını və vətəndaş məmnunluğunun təmin olunması üçün bütün mümkün qanuni vasitələrdən istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı vətəndaş müraciətlərinə də öz təsirini göstərir, artıq vətəndaşlar elektron xidmətlərdən istifadə etməklə rahat, vaxt itkisi olmada və bürokratik əngəllərdən uzaq şəraitdə müraciətlərini istənilən dövlət qurumuna, o cümlədən Lənkəran ŞİH-ə edə bilirlər.
Digah və Şiləvar kəndlərinin sakinləri vətəndaş-məmur münasibətlərində davamlı inkişafa, o cümlədən elektron xidmətlərin əlçatanlığının təmin olunmasına, müraciətlərinə operativ və həssas yanaşılmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.