AZ

Politico: Aİ Belçikanı Rusiya aktivləri məsələsində Macarıstan kimi təcrid edə bilər...

Brüssel De Veverin vetosunu aşmaq üçün alternativlər hazırlayır, əks halda Belçika lideri Aİ-də təcrid oluna bilər…

Avropa İttifaqı Belçikanın Rusiya aktivlərinin müsadirəsinə veto qoyması fonunda ölkəyə qarşı təsir mexanizmlərini nəzərdən keçirir və vəziyyətin davamı halında Brüssel Belçika ilə Macarıstana qarşı tətbiq olunan yanaşmanı sərgiləyə bilər.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Belçikanın baş naziri Bart de Vever Ukraynanın dəstəklənməsi üçün Rusiya aktivlərinin müsadirəsi cəhdlərinə veto qoyur və onun “israrlı müqaviməti” Aİ diplomatiyasını çıxış yolları axtarmağa vadar edib. Mənbələrin sözlərinə görə, hazırda Brüsseldə Belçikanın narahatlıqlarını araşdırmaq, ən həssas məsələləri müəyyənləşdirmək və onları mümkün qədər həll etmək məqsədilə müxtəlif alternativlər hazırlanır. Diplomatik mənbələr bildirir ki, “hələ də manevr üçün yer var” və məqsəd Belçikanın mövqeyinə maksimum yaxınlaşmaqdır.

Lakin əgər De Vever Rusiya aktivlərinin müsadirəsini bloklamaqda davam etsə, onun “Aİ layihəsinin qəlbində yerləşən bir ölkənin lideri üçün olduqca narahat və diqqətçəkən vəziyyətə düşəcəyi” bildirilir. Məqalədə qeyd olunur ki, bu halda Belçika baş naziri Macarıstanın baş naziri Viktor Orban kimi proseslərdən kənarlaşdırıla, fikri nəzərə alınmaya və Brüssel tərəfindən siyasi təmaslardan faktiki olaraq təcrid oluna bilər.

Politico-ya danışan Aİ diplomatlarından biri bildirib ki, əgər Belçika mövqeyini dəyişməzsə, “De Veverin fikri nəzərə alınmayacaq və onun zənglərinə cavab verilməyəcək”. Bu isə Aİ-nin “mərkəzində duran bir ölkə üçün sərt reallıq” ola bilər.

Məsələnin həlli Aİ-nin Ukraynanın maliyyələşdirilməsi strategiyası və Rusiya aktivlərinin gələcək istifadəsi fonunda böyük siyasi əhəmiyyət daşıyır. Brüssel kompromis əldə etməyə çalışsa da, Belçikanın mövqeyi bu prosesin əsas maneəsinə çevrilib.

Poliqon.info

Seçilən
113
poliqon.info

1Mənbələr