AZ

Tramp Kolumbiya prezidentinə sərt xəbərdarlıq edib

ABŞ lideri Petroya “narkotik qaçaqmalçılığı ilə mübarizədə növbəti hədəf ola bilər” mesajı göndərib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kolumbiya dövlət başçısı Qustavo Petroya Vaşinqtonun narkotik ticarətinə qarşı mübarizəsində “növbəti hədəf” ola biləcəyi barədə açıq şəkildə hədə-qorxu gəlib. Politico-nun məlumatına görə, Tramp Kolumbiyanın “çoxlu narkotik istehsal etdiyini” və kokaindən ibarət böyük həcmdə məhsulun ABŞ-a göndərildiyini bildirib.

“Kolumbiya çoxlu narkotik istehsal edir. Orada kokain istehsal edən fabriklər var və onlar bunu ABŞ-a satırlar”, deyə Tramp bildirib.

ABŞ prezidenti Petroya açıq xəbərdarlıq edərək “o, daha yaxşı fikirləşməlidir. O, tezliklə növbəti olacaq. Ümid edirəm, eşidir”, deyə Amerika lideri vurğulayıb.

Xatırladaq ki, 9 dekabrda Tramp ABŞ-nin narkotik təchizatçılarına qarşı hərbi əməliyyatının təkcə Venesuelaya deyil, həm də Meksika və Kolumbiyaya şamil oluna biləcəyini demişdi. Sentyabr 2025-dən etibarən ABŞ qüvvələri Karib hövzəsində iştirakı artırmağa başlayıb və Venesuela sahilləri yaxınlığında Amerika hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli hesab etdiyi gəmilərə zərbələr endirib.

Mətbuata görə, 1 noyabr tarixinə qədər ABŞ Karib regionunda 16 min nəfərlik hərbi qrup cəmləşdirib. Noyabrın sonunda isə Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan edib.

Bundan başqa, 24 noyabrda ABŞ hakimiyyəti Venesuelanın “Günəşlər Karteli”ni (Cartel de los Soles) terror təşkilatları siyahısına daxil edib. The Washington Post yazır ki, bu addım Pentaqona Venesuelada hədəflərə zərbə endirmək üçün hüquqi əsas yarada bilər, çünki Vaşinqtona görə, həmin struktura prezident Nikolas Maduro və ona yaxın şəxslər rəhbərlik edir.

Poliqon.info

Seçilən
105
poliqon.info

1Mənbələr