BAKI, 11 dekabr. TELEQRAF
Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 29 kiloqram narkotik vasitə ilə saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.
Teleqraf xəbər verir ki, Abşeron rayon sakinləri 29 yaşlı Emin Seyfullayev və 28 yaşlı Yadigar Məhərrəmov barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham materiallarına əsasən, Seyfullayev və Məhərrəmov kimliyi istintaqa məlum olmayan “Bessat” adlı şəxslə əlbir olaraq, onun göstərişinə uyğun şəkildə külli miqdarda narkotik vasitəni əldə ediblər.
Əməliyyat tədbiri zamanı E. Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxış keçirilib və həmin nəqliyyat vasitəsindən hər iki şəxsə məxsus 29 kiloqram 290 qram marixuana aşkar olunaraq götürülüb.
Məlum olub ki, təqsirləndirilən şəxslər “Bessat” adlı şəxs tərəfindən onlara vəd edilən pul vəsaiti müqabilində narkotik vasitəni onun dediyi ünvana çatdırmalı imişlər.
Məhkəmədə Seyfullayev və Məhərrəmov özlərini təqsirli bilmədiklərini bildiriblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməliyyatla bağlı videomaterial yayıb. Həmin görüntüləri təqdim edirik.