Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə müəllim haqqında yazılan məzmuna şərh yazması gündəm olmuşdu.
Publika.az xəbər verir ki, İTV dərs demək üçün Bakıdan Xankəndiyə gedən müəllim Arzu Şükürova ilə yol yoldaşı olub.
Belə ki, Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə getmək üçün 400 kilometr yol qət edir, Qarabağ Universitetində dərsini bitirib eyni gündə də Bakıya qayıdır.
“Mənim əsas ixtisasım “Hüquqşünaslıq”dır. Həmişə pedaqoji fəaliyyətlə məşğul olmaq kimi məqsədim olub. 2024-cü ildən etibarən hansı ali təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəyimi araşdırdım. Cari ilin aprel ayında Qarabağ Universitetinin elan etdiyi vakansiyalarla qarşılaşdım. Müraciət etdim, müəyyən mərhələlər keçdikdən sonra qəbul aldım və sentyabr ayından çalışıram.
Tədris etdiyim fənn “Əmək hüququ”dur. Bu fənni 3-cü kurs tələbələrinə tədris edirəm. Fiziki yorğunluq olur, amma mən buna mənəvi borcun yerinə yetirilməsi kimi baxdıqda, yorğunluqdan əsər-əlamət qalmır”, - Arzu Şükürova bildirib.