AZ

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Əməkhaqqının verilmə müddətləri ilə bağlı qaydalara dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, aylıq əməkhaqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans və qalan məbləğ) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə ödənilməlidir. İllik əməkhaqqı üzrə hesablanan işçilərə isə əməkhaqqı ayda bir dəfədən az olmayaraq verilir.BUTA.TV xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, yeni sistemin tətbiqi bütövlükdə əmək bazarında, həmçinin işçi ilə işəgötürən arasındakı münasibətlərin beynəlxalq standartlara daha uyğun şəkildə tənzimlənməsinə xidmət edir: “Çünki nəzərə alsaq ki, bir sıra ölkələrin qanunvericiliyində əməkhaqqının ay ərzində bir neçə dəfə verilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur, bu həm dövlət, həm də özəl sektoru əhatə edir. Nəticə etibarilə, qanunvericilik işçinin aylıq əməkhaqqısını yalnız bir dəfə deyil, bəzi hallarda ay ərzində iki və ya daha çox dəfə almasına imkan yaradır. Bu isə faktiki olaraq aylıq əməkhaqqının müəyyən dövrlərə bölünərək ödənilməsi deməkdir”. Deputat vurğulayıb ki, digər mühüm məqam ondan ibarətdir ki, sözügedən yanaşma xüsusilə işçilər üçün şəxsi və ailə büdcəsinin düzgün planlaşdırılması baxımından əhəmiyyətlidir. Onun fikrincə, gəlirlərin daha qısa intervallarla əldə edilməsi xərclərin planlaşdırılmasını və büdcənin idarə edilməsini asanlaşdırır: “Hazırda bu proses işəgötürənlər üçün əlavə yük yaratmır. Çünki əməkhaqqının hesablanması, vergilərin ödənilməsi və müvafiq hesabatlılıq elektronlaşdırılıb. Bu isə hər hansı risklərin yaranmasının qarşısını alır. Əksinə, yeni sistemə keçidin əsas səbəblərindən biri məhz həm dövlət, eləcə də özəl sektorda proseslərin geniş elektronlaşdırılmasıdır. Elektronlaşdırma isə öz növbəsində prosedurların daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, layihəyə görə, dəyişiklikdən sonra əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Bundan əlavə, tərəflərin qarşılıqlı razılığı olduğu halda, aylıq əməkhaqqı əvvəlki qaydada iki hissəyə bölünərək (avans və qalan məbləğ) on altı gündən artıq olmayan fasilə ilə ayda iki dəfə də verilə biləcək.

Seçilən
23
6
buta.tv

10Mənbələr