AZ

Fiziki məhdudiyyətli gənc: Məhdudiyyətlər bədənimizdə deyil, düşüncəmizdə ola bilər

Mingəçevir, 10 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Əzmkarlıq qarşıya qoyulan məqsədlərə yetmək üçün möhkəm iradə, qətiyyət və sarsılmazlıq tələb edir. Psixoloji və emosional baxımdan güclü olub, ətrafdakı insanlar üçün motivasiya mənbəyinə çevrilə bilənlər ən çətin anlarda belə öz duruşunu qoruyan, daxili nizamı möhkəm olan, pozitiv düşüncə ilə irəliləyən şəxslərdir. Onlar emosiyalarını idarə etməyi bacarır, problemləri böyütmək əvəzinə həll yollarına fokuslanır, ətrafdakılara isə inam və iradə aşılayırlar.

Belə insanlardan biri də 20 yaşlı Nurməhəmməd İsmayıllıdır. Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin marketinq ixtisası üzrə II kurs tələbəsi olan Nurməhəmməd fiziki məhdudiyyətlərinə baxmaraq, əzmi, möhkəm iradəsi və bacarığı ilə seçilən gənclərdəndir. AZƏRTAC-ın bölgə müxbiri arzularına və hədəflərinə doğru yorulmadan, inamla irəliləyən gənclə həmsöhbət olub, onun əlilliyi olan insanlara motivasiya vermək üçün yazıb, ərsəyə gətirdiyi kitabı ilə maraqlanıb.

“Düşünürəm ki, insanın gücü bədənlə deyil, ruhla ölçülür, yəni məhdudiyyətlər bədənimizdə deyil, düşüncəmizdə ola bilər. Odur ki, insan əzmli olmalı, özünü inkişaf etdirməli, durmadan hədəflər müəyyən edib, yorulmadan arzularına doğru irəliləməlidir. Mən də bunu edirəm. Ali təhsil almaq arzusundaydım. Bunun üçün gecə-gündüz çalışıraq, 2024-cü ildə universitetə daxil oldum. Sevdiyim ixtisas üzrə ali təhsil alıram. Gələcəkdə öz işimi qurmaq arzusundayam”, - deyən Nurməhəmməd bildirir ki, daxili gücə inam çox vacibdir.

FOTO

O, özünə inanaraq, daha bir arzusunu da reallığa çevirib. “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların mövcud komplekslərindən qurtulmasına kömək edə biləcək bir kitab yazdım - “Üfüqdə parlayan işıq”. Kitab öz həyatımdan, əlilliyin yaratdığı maneələrə fokuslanmaq əvəzinə, hər addımda qarşımıza çıxan imkanları görə bilmək, onlardan yararlanmaq üçün lazım olan məqamlardan bəhs edir”, - deyən gənc söyləyir ki, daxili əzm və cəmiyyətin dəstəyi ilə hər bir fərq gücə çevrilə bilər.

Nurməhəmməd qrup yoldaşları üçün də motivasiya mənbəyidir. Öz üzərində durmadan çalışan, xarici dil bilikərini təkmilləşdirən gənc kitabını ingilis dilinə də tərcümə edib. “Kitabım elektron formada bir sıra platformalarda internetə yerləşdirilib. Əlilliyi olan insanların istəyi ilə sosial şəbəkədə səsli formada da mövcuddur. Gələcəkdə onu nəşr halına gətirmək, davamını yazmaq fikrindəyəm. Kitabıma yerli gənclərlə yanaşı, xaricilər də maraq göstərirlər. İndiyədək həmyerlilərimizlə yanaşı, xarici ölkələrdən alıcılar da müraciət ediblər”, - deyə gənc bildirir.

Nurməhəmmədin arzu və hədəfləri bitib-tükənməzdir. Hazırda kompyuter biliklərini daha da təkmilləşdirən gənc cəmiyyətin uğurlu bir fərdinə çevrilməyi hədəfləyir.

 

 

Seçilən
112
azertag.az

1Mənbələr