ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətməkdə ittiham olunan Azərbaycan vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, Azərbaycan vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Müvafiq tədbirlərlə Azərbaycandan kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilmiş, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan vətəndaşları müəyyənləşdirilib.
Bu cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Amil Məmmədovun xarici ölkədə gizləndiyi yer müəyyən edilib və o, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Amil Məmmədov Azərbaycana gətirilərək istintaqa cəlb edilib.
Bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Nurlan Səfərov və 1983-cü il təvəllüdlü Edik İsrafilov da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunur. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.