AZ

SENSASİYA! ABŞ NATO-dan çıxır? – Əgər bu baş verərsə…

ABŞ Konqresində yeni bir təşəbbüs qlobal diqqəti cəlb edib. Respublikaçı konqresmen Tomas Massi Nümayəndələr Palatasına ABŞ-nin Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini – yəni “NATO Qanunu”nu təqdim edib.

Bu addım təkcə alyansın gələcəyi üçün deyil, həm də qlobal təhlükəsizlik, hərbi balans və beynəlxalq münasibətlər baxımından ciddi nəticələr doğura bilər.

Ekspertlər hesab edirlər ki, ABŞ-nin NATO-dan çıxması yalnız hərbi və siyasi deyil, həm də iqtisadi, texnoloji və geosiyasi sahələrdə təsir yarada bilər. Alyansın nüfuzu zəifləyər, Avropa ölkələrinin müdafiə strategiyaları yenidən nəzərdən keçirilməli olar, Rusiya və Çin isə geosiyasi manevr imkanlarını artıra bilər.

Eyni zamanda ABŞ üçün iqtisadi risklər də mövcuddur: hərbi xərclərin artması, transatlantik ticarət və əməkdaşlıqlarda yeni çətinliklər, silah sənayesi və müdafiə sahəsində qeyri-müəyyənlik yarana bilər.

Bəs görəsən, ABŞ-nin NATO-dan çıxması qlobal təhlükəsizlik arxitekturasını necə dəyişə bilər? Ümumiyyətlə, ABŞ-nin NATO-dan çıxışı nə qədər realdır, bunun iqtisadi üstünlükləri və riskləri nələrdir? Digər tərəfdən, bu təşəbbüs Rusiyanın və Çinin geosiyasi mövqelərini necə dəyişə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, Birləşmiş Ştatların indiki mərhələdə NATO-dan çıxması inandırıcı görünmür:

“ABŞ olmadan NATO “qanadsız quş”a çevrilər. Çünki uzun illər ərzində alyansın əsas hərbi, siyasi və maliyyə yükü Amerikanın üzərində olub. Digər tərəfdən, ABŞ ittifaqdan kənarlaşarsa, avtomatik olaraq alyans daxilində aparıcı güc Türkiyəyə keçər. Çünki 600 minlik hazırlıqlı ordusu ilə Türkiyə NATO-nun ikinci ən güclü hərbi mərkəzidir. Bunu nə ABŞ, nə də Avropa həzm edə bilər”.

Ekspertlərin sözlərinə görə, eyni zamanda, Qərb ölkələri ABŞ-nin razılığı və iştirakı olmadan hər hansı irimiqyaslı münaqişənin taleyini həll etmək iqtidarında deyil:

“Ukrayna savaşında da göründüyü kimi, Britaniya və ABŞ olmadan Fransanın öncüllük etdiyi Qərbin Rusiyanın qarşısında ciddi duruş gətirməsi real görünmür. Hesab etmirəm ki, ABŞ NATO-dan çıxacaq. Bu hərbi alyans Vaşinqtonun beynəlxalq aləmdə hegemon mövqeyini təmin etmək və qorumaq üçün mühüm alətdir. Məhz alyansın hərbi-siyasi potensialından ən çox yararlanan tərəf də ABŞ-dir. Xüsusilə dünyanın Qlobal Şərq və Qlobal Qərb kimi iki böyük siyasi-geoekonomik düşərgəyə bölündüyü, Çinin çoxqütblü dünya düzənini sürətləndirdiyi bir mərhələdə Vaşinqtonun NATO-dan imtinası strateji baxımdan son dərəcə riskli olardı. Bu baxımdan Ağ Evin alyansı tərk etməsi indiki şərtlərdə məqsədəuyğun hesab edilə bilməz”.

Samir Əsədli sonda qeyd edib ki, Tramp isə NATO-dan çıxmaqdan daha çox, alyansın büdcə yükünü və maliyyələşmə məsuliyyətini Birləşmiş Ştatların üzərindən azaltmağa, Avropa ölkələrini daha çox xərcləməyə məcbur etməyə çalışır.

Seçilən
88
nocomment.az

1Mənbələr