AZ

Bakının sərt reaksiyası: Ermənistan sülh niyyətini şübhə altına saldı

Ermənistanın Aİ ilə imzaladığı yeni sənəd regionda təhlükəsizlik balansının yenidən dəyişə biləcəyi barədə ciddi narahatlıqlar doğurub. Rəsmi Bakının sərt etirazı təkcə hüquqi məqamlarla bağlı deyil, həm də prosesin sülh danışıqlarına birbaşa təsir göstərə biləcək məqamlarla əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, Ermənistanın bu addımı sülh gündəminə sadiqliyi ilə bağlı suallar yaradır və regionda formalaşmaqda olan yeni əməkdaşlıq modelini təhlükə altına sala bilər.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə imzaladığı sənədə Azərbaycandan gələn sərt etirazın səbəbi bunun İrəvanın sülh gündəmindən uzaqlaşması kimi qiymətləndirilməsidir.

Onun sözlərinə görə, Ermənistan belə bir sənədə razılıq verməklə həm regionda yaranmış müsbət gözləntiləri riskə atır, həm də öz təhlükəsizliyini sual altına salır:

“Bu sənəddə yer alan müddəalar sülh prosesinin geri çəkilməsi anlamına gəlir. Azərbaycan tərəfi bununla bağlı ciddi narahatlıq keçirir və bunu Ermənistanın sülhdə maraqlı olmadığının göstəricisi kimi qiymətləndirir. Ermənistan dərhal sənədin mübahisəli bəndlərindən imtina etdiyini bəyan etməli və sülh prosesinə sadiqliyini nümayiş etdirməlidir”.

Qasımov hesab edir ki, rəsmi Bakı İrəvanın bundan sonrakı davranışlarını diqqətlə izləyəcək və mövcud sülh yanaşmasını yenidən dəyərləndirə bilər:

“Ermənistanın öz arqumentləri olsa da, görünür ki, keçmişdə yaşanan acı təcrübələri unudur. Ermənistan rəhbərliyi təcili şəkildə bu sənədin mahiyyəti barədə Azərbaycan və ABŞ-a izahat verməli, onların mövqeyini nəzərə almalıdır. Əks halda, iki ölkə arasında yaranacaq yeni vəziyyətin məsuliyyəti erməni tərəfinin üzərinə düşəcək”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr