Rusiyanın İrandakı səfirliyi Tehranda yayılmış hərbi çağırış məktubunu rəsmi şəkildə “saxta” elan edib. Vətəninfo.az xəbər verir ki, məlumat səfirliyin rəsmi “Telegram” kanalı vasitəsilə yayılıb.
Açıqlamada bildirilib ki, internetdə yayılan məktubda 18–45 yaş arası iranlı kişilərə “Xüsusi Hərbi Əməliyyatlar Zonası”nda xidmət üçün Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalamaq təklif olunur və bunun müqabilində yüksək məbləğdə pul vədi verilir.
Səfirlik iddia edib ki, “bu cür elanlar fırıldaqçılıq xarakteri daşıyır, nə səfirlik, nə də Rusiya dövlətinin rəsmi qurumları ilə heç bir əlaqəsi yoxdur”.
Diplomatik nümayəndəlik İran vətəndaşlarını belə mesajlara etibar etməməyə, şübhəli sənədlərlə bağlı isə hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.