AZ

Məhkəmə 4 yaşlı qızın ölümünə səbəb olan həkimlə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Ümidəli Həsənovun (soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: İmişli Rayon Məhkəməsinin hökmü ilə Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri olmuş 68 yaşlı Ümidəli Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma qadağan edilib.


İttihama görə, hadisə bu il martın 2-də İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
 

Belə ki, Ümidəli Həsənov hərarəti qalxan 4 yaşlı Nurgül Qarayevanı Qaradonlu kəndindəki evinə gətirilib, tibb müəssisəsindən kənarda hər hansı bir müalicənin aparılmasının, habelə “Seftriaksion” dərman preparatının sınaq qoyulmadan inyeksiya edilməsinin yolverilməz olmasına baxmayaraq, ona antibiotik iynəsi vurub. Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.


Xatırlatma: Ümüdəli Həsənov 2012-ci ildən 2022-ci ilədək İmişli rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

Kamal Məmmədov 

Tarix: 10 Dekabr 2025, 09:40   
Seçilən
38
pravda.az

1Mənbələr