Onların xaricdəki iri maliyyə dövriyyələri dövlət nəzarətindən kənarda qaldığı üçün həm iqtisadi təhlükəsizlik, həm də şəffaflıq baxımından ciddi suallar yaradır.
Bu vəsaitlər üzərində nəzarəti necə təmin etmək mümkündür?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, adları çəkilən keçmiş məmurların xaricdə əmlak və ya biznesə sahib olmaları ilə bağlı mediada müxtəlif məlumatlar dərc edilsə də, bu iddialar rəsmi sübutlarla təsdiqlənmədiyi halda hüquqi qiymət vermək mümkün deyil:
"İctimaiyyət mediadan hansısa əmlak və ya biznes barəsində məlumat əldə edir, lakin ortada rəsmi təsdiq yoxdur, nəticədə məsələ yalnız iddia kimi qalır. Şirkətlərin yaxud digər əmlak siyahısının doğrudan da adıçəkilən şəxslərə bağlı olub-olmadığını bilmirik. Əgər belə biznes şəbəkələrinin mövcudluğu faktiki olaraq təsdiqlənsə və həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanarsa, bu zaman Baş Prokurorluğun Xüsusi Müsadirə İdarəsi prosesi nəzarətə götürə bilər. Beynəlxalq əməkdaşlıq kanalları vasitəsilə xaricdəki əmlakların və mümkün qanunsuz maliyyə axınlarının qarşısının alınması təmin edilir".
Vəkil deyib ki, belə məsələlərin şəffaf və obyektiv araşdırılması üçün həm mediada deyilən iddialar dəqiqləşdirilməli, həm də faktlar hüquqi prosedurlar çərçivəsində təsbit olunmalıdır:
"İddialar rəsmi şəkildə sübuta yetirilərsə, dövlət orqanları həm maliyyə monitorinqi, həm də beynəlxalq hüquqi mexanizmlər vasitəsilə araşdırma aparmağa tam hüquqludur. Bu proses təkcə ölkədə deyil, beynəlxalq müstəvidə də əlaqələndirilir. İnterpol, xarici prokurorluqlar və maliyyə nəzarəti qurumları ilə əməkdaşlıq nəticəsində xaricdəki aktivlərin izlənməsi, qanunsuz gəlirlərin dövriyyədən çıxarılması mümkündür".