AZ

Misir təmsilçisi: Moda vasitəsilə dünyaya Misir haqqında danışıram

Bakıda ilk dəfə iştirak etdiyim üçün bu mövsümdə burada xüsusi seçilmiş cəmi 10 obraz təqdim etdim. Məhz bu platformada özümü ən güclü işlərim vasitəsilə göstərmək istəyirdim ki, tamaşaçılarda kolleksiyamın keyfiyyəti, dəqiqliyi və zərifliyi barədə dolğun təsəvvür yaransın. Gələcəkdə daha geniş miqyaslı bir xətlə çıxış etməyi planlaşdırıram, lakin ilk təqdimat üçün fikrimcə ideal olan on libası seçdim.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə “Azerbaijan Fashion Week” çərçivəsində Misir təmsilçisi, dizayner, modelyer və “Hany Elbehairy Couture” brendinin təsisçisi Hani əl-Behayri məlumat verib.

Onun sözlərinə görə, təqdim edilən obrazların hazırlanmasına təxminən altı ay sərf olunub.

“Fashion Week”in hər mövsümünə sıfırdan hazırlaşıram. Hər detalı düşünürəm və bu proses çox böyük zəhmət və vaxt tələb edir”, – deyə dizayner bildirib.

Kolleksiyanın konsepsiyasından danışan Hani əl-Behayri vurğulayıb ki, əsas məqsəd Misir mədəniyyətinin ruhunu müasir moda dili ilə ifadə etməkdir.

“Libasların heç biri hazır fabrik parçalarından tikilməyib. Hər bir material xüsusi toxunur, hər bir ornament isə əllə, detal dəqiqliyi ilə yaradılır. Bu geyimlərdə kommersiya xəttinin standartlarından çox sənətin dərinliyi, ənənənin nəfəsi və fərdiliyin gücü ön plandadır. Hər bir obraz özünəməxsus zövq, zəriflik və unikallıq daşıyır”, – deyə o qeyd edib.

Dizaynerin sözlərinə görə, moda onun üçün təkcə yaradıcılıq mühiti deyil, həm də mühüm mədəni diplomatiya vasitəsidir.

“Belə unikal işləri dünyanın müxtəlif ölkələrində təqdim etməklə Misirin zəngin bədii irsi haqqında danışıram və eyni zamanda qlobal moda sənayesinin nümayəndələri ilə dialoq qururam. Mənim üçün vacib olan odur ki, bu libaslar hər yerdə qadınların zövqlə geyinə biləcəyi, eyni zamanda bir sənət əsəri kimi qəbul edilə bilən nümunələr kimi dəyərləndirilsin”, – deyə o vurğulayıb.

Hani əl-Behayri Azərbaycanın paytaxtı haqqında təəssüratlarını da bölüşüb:

“Bakı mənə çox xoş təəssürat bağışladı. Bu, sakit, təmiz bir şəhərdir və işıqlı, aydın enerjiyə malikdir. Buradakı insanlar son dərəcə mehriban, nəzakətli və qonaqpərvərdirlər. Bu şəhərdə olmaq mənim üçün həqiqətən gözəl bir təcrübə oldu”.

Seçilən
1
1
sia.az

2Mənbələr