AZ

Milli Məclisin iclasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub » AzadMedia.az


Dekabrın 9-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 16 məsələ daxil edilib və ilk 6 məsələ üçüncü oxunuşda təqdim olunacaq 2026-cı ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələridir. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.
O, bildirib ki, ciddi büdcə konsolidasiyası, fiskal dayanıqlılıq, keyfiyyət dəyişikliklərinə keçid yeni büdcə sənədinin əsas məzmun və mahiyyətini təşkil edir. 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard, kəsiri 3,1 milyard manat, icmal büdcənin gəlirləri 44,9 milyard, xərcləri 48,8 milyard, kəsiri isə 3,9 milyard manat təşkil etməklə 3-cü oxunuşda da dəyişməz olaraq qalır.
Komitə sədri nəzərə çatdırıb ki, sənədin müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən bəzi təkliflər, həmçinin müzakirələr ərəfəsində bir neçə büdcə təşkilatının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda müvafiq dəyişikliklər əlavə maliyyə təminatı tələb edir. O, qeyd edib ki, yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklər növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur və büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır.
Azər Əmiraslanov növbəti ilin büdcə layihəsinə edilən dəyişikliklər barədə məlumatında bildirib ki, müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Habelə, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3,0 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Həmçinin, bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. O, ümumilikdə 52,0 milyon manat təşkil edən bu xərclərin dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacağını söyləyib. Bununla yanaşı, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac yarandığını qeyd edib. O, təklif olunan dəyişikliklərin 2026-cı il dövlət büdcəsi haqqında yenilənmiş Qanun layihəsinin 1-ci, 7-ci və 9-cu maddələrində əks olduğunu deyib.
Azər Əmiraslanov bildirib ki, post-müharibə dövründə taleyüklü məsələlərin büdcə zərfində nəzərə alınması onun unikallığını ifadə edir. Böyük Qayıdış Proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin əsas xüsusiyyətlərindəndir. Büdcə zərfi həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. O, ölkə Prezidentinin səsləndirdiyi “Dövlət Neft Fondu bizim iqtisadi suverenliyimizin əsas dayağıdır” fikrinin önəmini vurğulayaraq, Fondun aktivlərinin qorunmasının, dövlət büdcəsinin əsasən qeyri-neft gəlirləri hesabına formalaşdırılmasının, fiskal risklərin azaldılmasının ölkəmizin iqtisadi və maliyyə təhlükəsizliyinin başlıca şərti olduğunu qeyd edib.
Komitə sədri Prezident İlham Əliyevin söylədiyi “Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək” fikrinin bariz nümunəsi olaraq Cənubi Qafqaz üzrə regional iqtisadiyyatın yarıdan çoxunun Azərbaycanın payına düşdüyünü diqqətə çatdırıb. Azərbaycanın söz sahibi olan regional güc kimi qonşularının da iqtisadi inkişafında maraqlı olduğunu, Cənubi Qafqazda iqtisadi arxitekturanı müəyyənləşdirən lider dövlət kimi qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına töhfə verməyə hazır olduğunu deyib.
O, torpaqlarımızın işğaldan azad edildikdən sonra, hazırda iqtisadi və siyasi müstəvidə suverenliyimizin möhkəmləndirildiyini, milli maraqlarımıza söykənən prinsipial dövlət siyasətinin həyata keçirildiyini və bu baxımdan, təqdim edilən büdcə layihəsinin növbəti ildə çox mühüm, taleyüklü strateji vəzifələrin icrası üçün maliyyə əsasları yaradacağını vurğulayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova nəzərə çatdırıb ki, birinci və ikinci oxunuşlar zamanı 68 deputat 2026-ci ilin dövlət büdcəsi haqqında öz fikirlərini bildirib və bütün çıxışlar, o cümlədən deputatların yazılı şəkildə təqdim etdikləri 21 çıxış aidiyyəti üzrə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.
Deputat Gülşən Paşayeva bəzi fikir və qeydlərini söylədikdən sonra, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra iclasda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib. O, 2026-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələrinin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı ətraflı məlumat verildiyini və hər iki sənədin dəstəkləndiyini qeyd edib.
Komitə sədri DSMF-nin 2026-cı il üçün gəlirlərinin cari ildəkindən 9,3 %, xərclərinin isə 10,5 % çox nəzərdə tutulduğunu bildirib. O, DSMF-nin büdcəsi haqqında qanun layihəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiq olduğunu və növbəti ildə şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alanların, təqaüdçülərin, ümumilikdə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması üçün etibarlı təminat yaradacağını söyləyib.
İşsizlikdən Sığorta Fondunun növbəti il üçün büdcə layihəsinə dair fikirlərini açıqlayan Musa Quliyev nəzərə çatdırıb ki, sənəd 2026-cı ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiyası, özünəməşğulluq, peşə hazırlığı və peşə yönümlü tədbirlərin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal maliyyə əsasları yarada biləcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra, “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Komitə sədi bildirib ki, layihəyə əsasən, əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Bu, 2026-cı il üçün proqnozlaşdırılan 4,8 % inflyasiya fonunda ölkə üzrə yaşayış minimumunun 5,3 % artımı deməkdir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.
O, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini, bunun cari ildəki ehtiyac meyarından 5,3 % çox olduğunu bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəyini səsləndirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb.
Sənədi təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov ikinci oxunuşdan sonra layihədə müəyyən dəyişikliklərin edildiyini söyləyib. O, təklif olunan düzəlişlərin Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara, həmçinin Qanunun qüvvəyə minməsinə dair 19-cu maddəsinə şamil olunduğunu və əsasən dəqiqləşdirici xarakter daşıdığını deyib. Qeyd edilib ki, bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə hazırlanıb və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. Təklif olunan dəyişikliklər qanun layihəsinin 1.24-cü, 1.33-cü, 1.40-cı, 3.3.2-ci, 12.3-cü, 19.4-cü və 19.5-ci maddələrində öz əksini tapıb.
Komitə sədri diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır. Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxilolma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir.
Habelə, bildirilib ki, qanun layihəsinin 3-cü oxunuşa qədərki mətnində 2026-cı il yanvarın 1-dən tütündən hazırlanan siqaretlər üzrə aksiz dərəcələrinin tənzimlənməsi təsbit edilib. Lakin aidiyyəti qurumlar tərəfindən aparılmış müzakirələr nəticəsində tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb.
Bununla yanaşı, qeyd olunub ki, “İşğaldan azad edilmiş ərazinin rezidenti olma” statusu artıq Vergi Məcəlləsi ilə müəyyən edildiyindən, “Sosial sığorta haqqında” qanuna da uyğunlaşdırıcı dəyişikliyin edilməsi təklif olunur. Habelə, “Tibbi sığorta haqqında” qanuna təklif olunan düzəlişdə qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən edilməsi qaydasının müvafiq səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi zəruri hesab olunur.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu məsələ ilə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova büdcə zərfinə daxil olan bütün qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.
İclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, 2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırki inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.
O, diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.
Baş nazir bildirib ki, cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası, eləcə də onların növbəti mərhələsi ortamüddətli dövr üçün əsas çağırışlar hesab olunur. Bu gün artıq 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanır.
Baş nazir çıxışında 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətlərini diqqətə çatdırıb. O, qeyd edib ki, makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5.0%-lik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.
Bildirilib ki, ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaqdır. 2022-ci ildə ÜDM-in həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcəkdir.
Əli Əsədov deyib ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür.
Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə bu vəsait 3,5 mlrd. manat təşkil edəcəkdir.
Qeyd olunub ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni, yəni 8.7 mlrd.manat təşkil edir.
Bildirilib ki, bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik.
Əhalinin real gəlirlərinin artımı və sosial-rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur.
Bundan başqa, növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaqdır.
Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur.
İcbari tibbi sığorta çərçivəsində 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcəkdir.
Eyni zamanda, uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır.
2026-cı ilin dövlət büdcəsində investisiya yönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur.
Baş nazir bildirib ki, hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Ən yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Bu istiqamətdə icra edilən layihələr böyük həcmdə beynəlxalq sərmayələr cəlb edir. Bu, sənayenin inkişafının növbəti istiqamətidir.
Bütövlükdə, cənab Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi - iqtisadi uğurlar qazandırıb ki, bu uğurların məntiqi zirvəsi hazırda yaşadığımız şanlı Zəfər tarixidir.
Baş nazir bildirib ki, büdcə müzakirələri zamanı qaldırılan məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən daim diqqətdə saxlanılacaq, qeyd edilən problemlərin həlli istiqamətində hər il olduğu kimi gələn il də büdcə imkanları çərçivəsində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.
Çıxışının sonunda Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin və ümumilikdə büdcə zərfinə daxil olan sənədlərin müzakirələrinin parlamentdə səmərəli təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya və millət vəkillərinə təşəkkürünü bildirib.
Parlamentin spikeri Sahibə Qafarova öz növbəsində Baş nazir Əli Əsədova təşəkkür edib, hökumət üzvlərinə dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov gündəliyin növbəti iki məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu bildirib. O, hər iki sənədin büdcə zərfinin müzakirələri zamanı nəzərdən keçirildiyini, bu gün isə bu məsələlərə münasibət bildiriləcəyini söyləyib.
Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Gündəliyin doqquzuncu məsələsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məsələ Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlıdır.
Komitə sədri deyib ki, Aida Hüseyn yüksək peşəkarlığa və uzunmüddətli iş təcrübəsinə malikdir və öz gələcək fəaliyyəti ilə də Naxçıvanda ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə verəcək, həmçinin hüquq sisteminin inkişafına və məhkəmə fəaliyyətinin daha səmərəli təşkilinə ciddi dəstək olacaq.
Sonra təqdim olunan məsələ üzrə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (II səsvermə) olduğunu deyib.
O, bildirib ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsverməyə qoyulur. Hazırda təqdim olunan konstitusiya qanununa müvafiq dəyişiklik altı ay əvvəl birinci səsvermədə qəbul edilmişdir və indi də ikinci səsverməyə çıxarılır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verərək bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək.
Konstitusiya Qanununun layihəsi səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.
Növbəti məsələ - “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd indicə qəbul edilən Konstitusiya Qanununa uyğunlaşdırma xarakterlidir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin qalan 5 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
On ikinci məsələ olan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. O, layihənin əvvəlki oxunuşlarında ətraflı müzakirə edildiyini və qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.
Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. O, layihəyə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, deputatlar tərəfindən dəyişikliklərin dəstəkləndiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin 14-cü məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihəyə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verilib, deputatlar tərəfindən dəyişikliklər dəstəklənib. Sənəd dövlət qulluğuna qəbul sahəsində yaranan münasibətlərin daha dəqiq və aydın tənzimlənməsini nəzərdə tutur.
Layihə üçüncü oxunuşda qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Komitə sədri qeyd edib ki, qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçmə qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. O, qeyd edib ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər cəmiyyətdə böyük maraq oyatdığı üçün Milli Məclis sədrinin tövsiyəsinə uyğun olaraq komitə üzvləri tərəfindən müxtəlif KİV-lərə və televiziya kanallarına ətraflı şərh və izahatlar verilib. Arzu Nağıyev vurğulayıb ki, qanun layihəsinin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək tələbat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Gündəliyin sonuncu məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, bildirib ki, layihənin əvvəlki oxunuşu zamanı dəyişikliklər haqqında ətraflı məlumat verilib. Layihə moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi ilə bağlı hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Seçilən
11
5
azadmedia.az

10Mənbələr