Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə ilk dəfə “Euronews” telekanalına müsahibə veriblər.
AzNews.az “Operativ Məlumat Mərkəzi”nə istinadla xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmiləri Dohada “Euronews”a verdikləri ilk birgə eksklüziv müsahibədə sülh prosesinin necə başlandığını və iki ölkəni gözləyən birgə gələcək perspektivlərini açıqlayıblar.
Tərəflər onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın tamamilə yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibədə deyiblər ki, danışıqlar 2020-ci ildə – son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib.
Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər.
Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri “regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa” çalışıblar.
Ermənistan rəsmisi bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən tərəflər arasında etimadın formalaşması çətin idi, lakin proses addım-addım irəliləyir:
“Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik”.
Azərbaycan rəsmisi də sülh prosesini “qlobal münaqişələr fonunda uğur hekayəsi” adlandırıb və qeyd edib ki, artıq tərəflər “real sülh şəraitində regionun iqtisadi genişlənməsi” üzərində işləyirlər.