Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında dəyişiklik ediləcək.
Publika.az "Trend"ə istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
Layihəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri veriləcək.