Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad)cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi elan olunub.
Daha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Eyni zamanda, cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.
Müdafiə tərəfi videogörüntülərdəki danışıqların linqivistik ekspertizaya verilməsi barədə vəsatət verib.
Dövlət ittihamçısı vəsatətə etiraz edib.
Zərərçəkmiş tərəf qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, təqsirləndirilən şəxsləri bağışladıqlarını bildirib.
Vəsatət təmin edilməyib. Bununla da məhkəmə istintaqı yekunlaşıb.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini və cəzadan sonra ölkədən məcburi çıxarılmalarını istəyib.