Bakı, 9 dekabr, Sabina Əlizadə, AZƏRTAC
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi Avropada formalaşan yeni geosiyasi düzən fonunda xüsusi əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi, müdafiə sənayesi və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi həm ikitərəfli münasibətlərin siyasi çəkisini artırır, həm də regionda sülh və inkişaf perspektivlərini gücləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının enerji təhlükəsizliyi xəritəsində Azərbaycan artıq strateji tərəfdaş kimi xüsusi yer tutur və Slovakiya ilə əməkdaşlıq bu mövqeyi daha da gücləndirir: “Avropanın enerji təchizatında şaxələndirmə siyasəti fonunda Azərbaycan etibarlı tədarükçü kimi çıxış edir. Aİ-nin 2022-ci ildə Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamasından sonra Avropa ölkələrinin enerji ehtiyaclarının ödənilməsində Bakının rolu daha da artıb. Slovakiyanın Azərbaycan qazını alması həm bu ölkənin enerji təhlükəsizliyinə töhfə verir, həm də Bakı-Bratislava xəttinin strateji əhəmiyyətini artırır”.
Siyasi şərhçi müdafiə sənayesi üzrə tərəfdaşlığın da yeni mərhələyə keçdiyini qeyd edərək deyib: “Azərbaycan və Slovakiya arasındakı müdafiə sənayesi əməkdaşlığı artıq 20 ildən çox tarixə malikdir. Bu gün isə əsas prioritet birgə istehsal modelidir. Slovakiyanın NATO standartlarına uyğun istehsal potensialı Azərbaycanın hərbi modernizasiya proqramı ilə üst-üstə düşdüyündən bu sahə hər iki ölkə üçün geniş perspektivlər açır”.
Asif Nərimanlı bildirib ki, strateji tərəfdaşlıq çərçivəsində siyasi koordinasiyanın güclənməsi Azərbaycanın Avropadakı mövqelərinə də müsbət təsir edir: “Avropa qurumlarında zaman-zaman anti-Azərbaycan dairələrin qərəzli yanaşmaları müşahidə edilir. Aİ-nin Ermənistanla imzaladığı son sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer alması da bunu deməyə əsas verir. Bratislavanın Bakı ilə strateji xətt qurması Azərbaycanın haqlı mövqelərinin Aİ məkanında daha güclü müdafiəsinə şərait yaradır. Bu əməkdaşlıq həm də Cənubi Qafqazda aparılan sülh prosesinin Avropa səviyyəsində qəbul edilməsinə müsbət təsir göstərir”.
Siyasi şərhçi hesab edir ki, Slovakiya üçün də bu tərəfdaşlıq mühüm üstünlüklər yaradır: “Bratislava Aİ daxilində müstəqil siyasəti ilə seçilir və bəzən təzyiq cəhdləri ilə üzləşir. Azərbaycan kimi region lideri ilə əməkdaşlıq Slovakiyaya həm enerji təhlükəsizliyi, həm nəqliyyat dəhlizlərində iştirak, həm də Mərkəzi Avropa ilə Cənubi Qafqaz arasında yeni körpü qurmaq imkanı verir”.
A.Nərimanlı vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı təkcə ikitərəfli deyil, həm də Avropa üçün mühüm nümunəvi modeldir. Bu əməkdaşlıq Avropa-Cənubi Qafqaz xəttində yeni siyasi yaxınlaşma mərhələsi yaradır və Azərbaycanın Avropadakı strateji rolunu daha da gücləndirir.