AZ

İcraçı direktor: 2026-cı ildə üç yeni universitetdə multikulturalizm fənninin tədrisinə başlanılacaq

Bakı, 9 dekabr, Nailə Həsənova, İlkin Cavanşirov(foto), AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi növbəti ildə üç yeni universitetlə müqavilələr imzalamaq üzrədir. Həmin universitetlərin sırasına Almaniya, İspaniya və Finlandiyanın təhsil ocaqlarının daxil olması multikulturalizm fənninin tədris olunduğu coğrafiyanı daha da genişləndirəcək.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov AZƏRTAC-a verdiyi açıqlamada deyib.

Onun bildirdiyinə görə, artıq on minlərlə xarici tələbə Azərbaycanın multikultural ənənələrini öyrənir: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan azsaylı xalqlarla birgə layihələr həyata keçirir. Dünyanın 27 aparıcı universitetində multikulturalizm fənni tədris olunur. Bu yaxınlarda ləzgi dilində çap olunmuş kitabın təqdimatını keçirdik. Bundan əvvəl talış dilində kitab çap etdirmişdik. Azərbaycan ədəbiyyatı nümunələri, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanı, “Ali və Nino” romanı ölkəmizdə yaşayan azsaylı xalqların dilinə tərcümə olunur. Əsas məqsəd Azərbaycanda yaşayan xalqların kimliyi, dili və mədəniyyətinin qorunmasından ibarətdir. Azərbaycan dini tolerantlıq və din-dövlət münasibətləri baxımından ən yüksək səviyyədə olan ölklərdən biridir”.

Mərkəz rəhbəri fikrinə davam edərək deyib: “Azərbaycan dünyada humanitar məsələləri müzakirə olunduğu məkana çevrilib. Mərkəzimiz bu il kitablar, elmi jurnallar, sənədli filmlərin hazırlanması və bu kimi böyük tədbirlər planı həyata keçirib. Bundan başqa, ikinci dəfə idi ISESCO ilə birlikdə 50-dən ox ölkənin iştirakı ilə Beynəlxalq Multikulturalizm Gənclər Forumu keçiridk. Biz 20-dən çox təşkilatla əməkdaşlıqlar edirik. Azərbaycanın multikulturalizm siyasətinin təbliği sahəsində xarici ölkələrdə müxtəlif tədbirlər keçirilib”.

Seçilən
56
azertag.az

1Mənbələr