AZ

TENDERLƏ “QAZ VURUB, QAZAN DODURANLAR” - Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, rəsmi məlumata görə, tenderin qalibi "Tvm İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 159 min manat təşkil edir.

Məlumat üçün qeyd edək ki, bu şirkətin adı bir müddət əvvəl Ağdamın Xıdırlı kəndində tikilən evlərlə bağlı gündəmə gəlib. Bu ilin sentyabrında yağışlar nəticəsində həmin şirkətin inşa etdiyi tikililərin və hasarların sıradan çıxdığı barədə məlumat və vidogörüntülər yayılmışdı. Şirkətin gördüyü işin keyfiyyəti ilə bağlı ciddi suallar ortaya çıxmışdı. Buna baxmayaraq, göründüyü kimi, bu faktlar şirkətin tender udmaq qabiliyyətinə təsir göstərməyib…

Qeyd edək ki, Xıdırlı kəndində fərdi yaşayış evlərinin tikintisini həyata keçirən “TVM İNŞAAT” MMC (VÖEN – 1101408601) 2023-cü ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsnin qalibi olub və ona 135 milyon 920 min 148 manat ödənilib. “TVM İNŞAAT” MMC 25 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb və Nizamnamə kapitalı cəmi 10 manatdır. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Şirkətin həmçinin qazandığı 123 milyon manatlıq sifarişin 25 milyon manatlıq hissəsi Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi (məhkəmə kompleksinə 25 milyon manat xərclənəcək – FED.az), 97 milyon manat isə Füzuli rayonunun Dövlətyarlı kəndindəki evlərin və mühəndis infrastrukturun yaradılmasına aiddir.

Bu şirkət son illərdə “tender liderləri”ndən birinə çevrilsə də, ondan daha iri və çox tender qazananlar da var. Məsələn, bir müddət əvvəl Azərbaycanda dövlət tenderlərindən ən çox gəlir götürən şirkətlərin siyahısını dərc edən “fed.az”-ın məlumatına görə, ötən il Azərbaycanda ümumilikdə minimum dəyəri 10 milyon manat olan 130 tender yekunlaşıb və bu tenderlərin ümumi həcmi 3 milyard 676,5 milyon manat təşkil edib. Ən iri dövlət sifarişləri arasında infrastruktur və tikinti sahəsinə aid işlər üstünlük təşkil edib.

Ən böyük məbləğli tender qazanan şirkətlər arasında ilk yeri "Nort Vest Konstrakşn" MMC (1001297281) tutur. Şirkət 2024-cü ildə tenderlərdə nə az, nə çox, 362 milyon manat sifariş qazanıb. Bu, 2024-cü ildə ölkə üzrə tenderlərlə bölüşdürülən məbləğin təxminən 10%-dir. Şirkətin 2024-cü ildə aldığı sifarişlərin 300 milyon manatdan artıq hissəsi Yuxarı Şirvan kanalının yenidən qurulmasına aiddir. Qalan 50 milyon manat isə işğaldan azad edilmiş Ağdamda kanalizasiya və yağış sistemlərinin qurulmasına aiddir.

Qeyd edək ki, "Nort Vest Konstrakşn" MMC 27 dekabr 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, qanuni təmsilçisi Bədəlov Elşən Tofiq oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Dövlət sifarişlərinin məbləğinə görə 2-ci yeri “Körpü-Bina-Tikinti” MMC tutur - 159,1 milyon manat. Azərbaycanda məşhur olan bu tikinti şirkəti il ərzində təxminən 100 milyon dollara çatan bu sifarişləri kirayə üsulla satılan mənzillər, Xocalıda rabitə infrastrukturu və qüllələrin tikintisi, eləcə də su kanalının yenidən qurulması üzrə alıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 300 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.1, qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

 

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr