AZ

Tətildə hara gedək? - Yeni il gecəsini ucuz keçirə biləcəyiniz rayonlar açıqlandı

Yeni il ərəfəsində Azərbaycanın regionlarında otel və kottec qiymətləri rekord həddə yüksəlib. 

Rayonlarda bir gecəlik qalma qiymətləri 350 manatdan 850 manata qədər dəyişir ki, bu da cibində sian oyanayan yerli turistlərin narazılığına səbəb olub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan turizm eksperti Ceyhun Aşurov qiymət artımının əsas səbəblərini və ən sərfəli istiqamətləri açıqlayıb.

Onun sözlərinə görə, ilin sonu, yəni bayram tətili üçün müxtəlif təkliflər mövcud olsa da, qiymətlər kifayət qədər yüksəkdir:

“Hətta 2 nəfər üçün paketlər 1500-2500 manat aralığında dəyişir. Rayonlarda gecələmə — kotec və ya villa qiymətləri isə 350-850 manat aralığındadır.

Bəlkə də qiymətləri şişirdilmiş hesab edə bilərik, lakin bu, bazarda yaranan tələbdən irəli gəlir. Həm də regionlara görə qiymətlər fərqlidir”.

C. Aşurovun sözlərinə görə, bu il ən əlverişli istiqamətlər arasında Gəncə, Qarabağ bölgəsi, xüsusən, Şuşa, Xankəndi və Nabran xüsusilə seçilir:

“Paytaxtdan daha uzaq rayonlarda nisbətən mülayim tariflərlə qarşılaşırıq. Məsələn, Nabranda 2 nəfərlik Yeni il şənliyi üçün qiymətlər 700-800 manatdan başlayır. Şuşa və Xankəndində isə, digər regionlarla müqayisədə, təxminən adambaşı 500 manatdan başlayan paketlər təklif olunur. Bu qiymətlərə 2 gecə qalmaq, Yeni il şənliyi və digər xidmətlər daxildir”.

Ekspert əlavə edib ki, münasib qiymət baxımından növbəti sırada Lənkəran dayanır:

“Hazırda ölkə daxilində ən uyğun qiymətlər Gəncə istiqaməti, Qarabağ, Şuşa, Xankəndi və Nabrandadır. Bundan sonra Lənkəran gəlir. Cənub bölgəsi, ənənəvi turizm məkanları olan Quba, Qusar və Qəbələ ilə müqayisədə daha əlverişli görünür”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
32
1
yenisabah.az

2Mənbələr