AZ

Ramiz Mehdiyev-Əli Kərimli tandeminin arxa planı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaqla bağlı məlumatlar, əlbəttə və təbii olaraq qorunur. Lakin Ramiz Mehdiyevin kütləvi informasiya vasitələrinə sızmış və ilkin variantı Əli Kərimlinin siyirməsindən də çıxan məktubunun ünvanından bəlli olur ki, işin bir ucunda Moskva dayanır.

Bu nüans istər-istəməz diqqəti 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində yaranan “Ziyalılar Forumu”, “Milyarderlər İttifaqı”, “Milli Şura” kimi qurumlara yönəldir. Mərhum Rüstəm İbrahimbəyovun ismi ətrafında yaradılan həmin qurumların necə ərsəyə gətirildiyini, Azərbaycanda milli azadlıq hərəkatının protest elektoratına çevrilmiş kəsiminin kimlərin vasitəsi ilə manipulyasiya edildiyini, zənnimcə, xüsusi xatırlatmağa ehtiyac yoxdur. Fəqət bu gün, istərsə də 12 il öncə baş verən olaylar siyasi təhlilçiləri milli azadlıq prosesində Rusiya trayektoriyası barədə düşünməyə sövq edir.

SSRİ-nin süqutundan bəhs edən araşdırmalardan, memuarlardan və sənədli filmlərdən bilirik ki, ötən əsrin 80-ci illərindən etibarən sovet imperiyası dağılmaq mərhələsinə keçib. Bu proqnoz sovet elitasının dar və qapalı dairələrində müzakirə olunub və gələcəkdə müstəqillik qazanacaq respublikalara Kremlin necə təsir göstərəcəyi barədə planlar hazırlanıb. Bu planlardan birinin də 1980-ci illərin sonlarında vüsət alan milli azadlıq hərəkatlarını DTK xəfiyyələri vasitəsilə kontrolda saxlanılması olduğu artıq heç kimə sirr deyil. Şərqi Avropa, Baltikyanı ölkələr, Gürcüstan, Moldova və Orta Asiya respublikalarında analoji taktikalardan istifadə olunması arxiv mənbələri və politoloji tədqiqatlarda təsdiqlənir. Polşa müstəqillik hərəkatının lideri, Nobel Sülh Mükafatı laureatı Lex Valensanın sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığı təsdiqini tapmış və bütün dünyada bilinən faktdır. Moldavada, Ukraynada, Gürcüstanda, Ermənistanda, Latviya və Litvada da DTK eyni metodlarla işləyib. Estoniyada Xalq Cəbhəsinin 40-a yaxın liderinin də təşkilata ya DTK tərəfindən yerləşdirildiyi, ya da prosesin gedişində ələ alındığı üzə çıxıb.

Bəs, Azərbaycan Xalq Cəbhəsində?

“Azərbaycan Xalq Cəbhəsini DTK yaratmışdı”- bu bəyanatın müəllifi meydan hərəkatının ilk liderləri sayılan Nemət Pənahlıdır. İş ondadır ki, Nemət Pənahlının özü də dəfələrlə DTK agenti olmaqda suçlanıb. Köhnə qəzet-jurnalları bir yana qoyub, Google vasitəsi ilə axtarış apardıqda onun barəsində müvafiq mövzuda xeyli bəyanat ortaya çıxır. Məsələn, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bir müsahibəsində deyir: “Məlum oldu ki, Nemət Pənahlı hələ yeniyetmə yaşlarından KQB ilə əlaqədə imiş”.

Xalq Cəbhəsinin daha bir ünlü lideri Etibar Məmmədov olub. O, 20 yanvar qətliamından sonra Moskvaya gedib və orada Azərbaycan Nümayəndəliyində mətbuat konfransı keçirmək istəyib. SSRİ paytaxtında KQB-nin “Alfa” qrupu tərəfindən həbs olunub və aylarla “Lefertova” zindanında saxlanılıb. AXC-də onunla rəqabət aparan cinah- “liberallar” həbsdən azad olunduqdan sonra deputat seçilən Etibar Məmmədovun tutulmasını və azadlığa buraxılmasını KQB-nin fəaliyyət metodlarının klassik nümunəsi hesab edirdilər. Bütün hallarda, AMİP lideri siyasətlə məşğul olduğu zamanlarda dəfələrlə “KQB” zindanındantəmiz çıxmaq mümkün idimi” sualı ilə üzləşib.

Hərəkatda Etibar Məmmədova qarşı qanadın lideri sayılan İsa Qəmbər də eyni qəbildən olan iddialara məruz qalıb. 1990-cı illərin qəzetlərində onun Yevgeni Primakovun təsir dairəsində olmasından bəhs edilib, eyni zamanda, bilavasitə DTK ilə əməkdaşlıq etdiyi söylənilib və nəticədə illərlə sürən qalmaqallar yaranıb. Çoxları xatırlayır ki, bu rəylər dərc olunduqdan sonra Müsavat başqanı bir neçə dəfə məhkəməyə də müraciət edib. İsa Qəmbərin həmin dönəmlərdə ADP rəhbərliyində təmsil olunan Qurban Məmmədovla çəkişməsi yəqin ki çoxlarının yadındadır.

AXC-nin tanınmış təmsilçilərindən olan, Elçibəy hakimiyyəti zamanı MTN-də yüksək vəzifə tutan Sülhəddin Əkbərin bir neçə il öncə gündəm olmuş açıqlamalarını bu mövzudan danışarkən gözardı etmək mümkün deyil. O, deyir:

“Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

Seçilən
16
2
aznews.az

3Mənbələr