
Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya” şadlıq evində keçirilən yoxlama zamanı çoxsaylı yanğın təhlükəsizliyi nöqsanları aşkar edilib. Nöqsanlar insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Belə ki:
– Obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”na uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;
– Obyektdə quraşdırılan yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil;
– Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
– Yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan məsafə qeyd olunmayıb;
– Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməyib;
– Köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmır;
– Obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
– Taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– Obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar asılmayıb;
– Yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.